EN

Səbinə Salmanova: "İranın dron hücumu Azərbaycana qarşı açıq-aşkar düşmənçilikdir"

İran tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki obyektlərə qarşı həyata keçirilən hücum aktı Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasətinin növbəti təzahürüdür.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu, təsadüfi hadisə deyil, Tehran rejiminin şüurlu və planlı şəkildə seçdiyi təxribat yoludur:

"İran rejimi bu addımı ilə artıq bütün maskalarını cırıb atdı. Azərbaycan illərdir nümayiş etdirdiyi təmkinə, mehriban qonşuluq siyasətinə və açıq diplomatik mövqeyinə baxmayaraq, təxribatla üz-üzə qaldı. Bu, molla rejiminin mahiyyətinin növbəti təzahürüdür".

Deputatın fikrincə, İran rejimi uzun illərdir, ikiüzlü siyasət yürüdərək regionda sabitliyə xələl gətirməyə çalışır.

"Azərbaycan dövləti uzun illərdir ki, qonşuluq münasibətlərində qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipinə sadiq qalıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi heç vaxt üçüncü tərəflər üçün İrana qarşı istifadə olunmayıb və olunmayacaq. Bu mövqe cənab Prezident İlham Əliyev tərəfindən də dəfələrlə ifadə edilib və əməli addımlarla təsdiqlənib.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında baş verən faciəli hadisələrlə əlaqədar humanist mövqe ortaya qoyub, İranın ali rəhbəri Əli Xamenei və digər həlak olanlarla bağlı başsağlığı ünvanlayıb, İranın Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazıb. Belə bir fonda İran ərazisindən həyata keçirilən dron hücumu nə diplomatik məntiqə, nə də beynəlxalq hüququn norma və prinsiplərinə sığır. Dövlət sərhədinin pozulması, mülki obyektlərin hədəfə alınması və insanların həyatının təhlükəyə atılması açıq şəkildə suverenliyə qarşı yönəlmiş hərəkətdir", - S.Salmanova qeyd edib.

O bildirib ki, Azərbaycan regionda sabitliyin tərəfdarıdır, ancaq kimsə onunla təzyiq və hədə ritorikası ilə danışa bilməz:

"Dövlətimizin təhlükəsizliyi, ərazi bütövlüyü və vətəndaşlarının həyatı hər şeydən üstündür. Azərbaycan tərəfinin müvafiq cavab tədbirləri görmək hüququ vardır və bu, beynəlxalq hüquqla qorunur. Regionda yeni gərginlik ocaqlarının yaradılması heç bir tərəfə fayda vermir. Lakin əgər hansısa dairələr təxribat yolu seçirsə, bilməlidirlər ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ilə öz hərbi-siyasi iradəsini nümayiş etdirən dövlət bu gün də milli təhlükəsizlik məsələlərində qətiyyətlidir.

Dövlətimizin təhlükəsizliyi və suverenliyi bizim qırmızı xəttimizdir və bu xətti keçən hər kəs anlamalıdır ki, atdığı addımın nəticələri qaçılmaz olacaq. Unutmasınlar ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".

"Cebheinfo.az"

Chosen
15
5
cebheinfo.az

10Sources