EN

Milli Məclisdən Millət Məclisinə - Ekspert

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin plenar iclasında deputat Rəfael Hüseynov tərəfindən qanunverici orqanın adının dəyişdirilərək Millət Məclisi adlandırılması təklifi səsləndirilib. Milli Məclisin adının “Millət Məclisi” kimi dəyişdirilməsi təşəbbüsünü necə qiymətləndirmək olar, bu cür dəyişikliyə real ehtiyac varmı? Yaxud məsələ daha çox simvolik xarakter daşıyır, parlamentin fəaliyyətinə və ya ictimai nüfuzuna hər hansı praktik təsir göstərə bilərmi?

“Yeni xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Hafta.az-a açıqlamasında bildirib ki, “Milli Məclis” ifadəsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş rəsmi addır və hazırda hüquqi baxımdan qüvvədə olan yeganə termindir. Onun fikrincə, qeyri-rəsmi şəkildə kimlərsə “Millət Məclisi” ifadəsindən istifadə edə bilər, lakin adın rəsmi qaydada dəyişdirilməsi üçün ilk növbədə, Konstitusiyaya dəyişiklik edilməlidir. Bu isə mövcud şəraitdə o qədər də real görünmür. Nəzəri baxımdan mümkündür, lakin praktik müstəvidə geniş hüquqi və siyasi prosedurlar tələb edir.

R.Hüseynov qeyd edib ki, “Milli Məclis” və “Millət Məclisi” ifadələri ilk baxışdan eyni məna daşıyırmış kimi görünsə də, aralarında müəyyən incə semantik fərqlər mövcuddur:

"“Millət” anlayışı daha çox xalqı, etnik və ya tarixi birliyi ifadə edir. “Milli” sözü isə həmin kökdən yaranaraq daha ümumiləşdirilmiş, dövlətçilik və institusional məna kəsb edir. Bu baxımdan “milli” anlayışı daha geniş və ümumi xarakter daşıyır. Müqayisə üçün qeyd etmək olar ki, Türkiyə Böyük Millət Məclisi ifadəsi Türkiyənin siyasi-hüquqi ənənəsinə uyğun formalaşıb. Hər bir dövlətin terminoloji sistemi onun tarixi, hüquqi və siyasi xüsusiyyətləri ilə bağlıdır. Bu səbəbdən, həmin modelin Azərbaycan üçün nə dərəcədə uyğun olub-olmaması ayrıca və hərtərəfli təhlil tələb edir”.

O, eyni zamanda qeyd edib ki, Azərbaycanda “milli” anlayışı dövlət institutlarının adlarında geniş istifadə olunur: milli təhlükəsizlik, milli valyuta və s.  Bu kontekstdə “Milli Məclis” ifadəsi dövlətçiliyi və ümumi siyasi sistemi təmsil edən ali qanunverici orqan kimi daha uyğun səslənir və artıq hüquqi reallıq kimi formalaşıb:

“Bununla yanaşı, istənilən təklif və yenilik prinsipial olaraq müzakirəyə açıq olmalıdır. Əgər hər hansı dəyişiklik cəmiyyətin inkişafına, düşüncə tərzinin yenilənməsinə və dövlət institutlarının daha effektiv fəaliyyətinə xidmət edirsə, bu, nəzəri baxımdan dəyərləndirilə bilər. Məsələyə emosional deyil, ciddi elmi və hüquqi analiz əsasında yanaşmaq vacibdir. Əslində, əsas məsələ ad deyil, mahiyyətdir. Parlamentin necə adlandırılmasından daha önəmlisi onun fəaliyyətinin səmərəliliyi, xalqın iradəsinin real təmsil olunması və dövlətə xidmət prinsipinin qorunmasıdır. Cəmiyyət üçün əsas göstərici parlament üzvlərinin dövlətə və millətə verdiyi töhfədir”.

Mərkəz rəhbəri eyni zamanda hesab edir ki, bugünkü qlobal çağırışlar şəraitində dövlət institutları dəyişən dünyanın tələblərinə uyğunlaşmalı, inkişaf edən siyasi və hüquqi standartlara cavab verməlidir:

“Əsas diqqət ad dəyişikliklərindən çox, idarəetmənin keyfiyyətinə, təmsilçiliyin effektivliyinə və dövlətə xidmət anlayışının gücləndirilməsinə yönəlməlidir”.

Tahirə Qafarlı

Chosen
54
hafta.az

1Sources