EN

Məktəblərdə kibertəhlükəsizliklə yanaşı etik davranış da öyrədilməlidir - Müəllimdən TƏKLİF

"Bu sərəncam belə texnologiya əsrində çox vacib və hətta vaxtında atılmış bir addımdır. Əgər biz rəqəmsal savadlılıq dövründə yaşayırıqsa, texnologiya əsrində yaşayırıqsa, rəqəmsal savadlılıq da, kibertəhlükəsizlik də artıq günümüzün zəruri istiqamətləridir. Düşünürəm ki, burada bir neçə məqam daha təkmilləşdirilsə, daha yaxşı olar. Onlardan biri rəqəmsal dünyada, texnoloji mühitdə etik davranış qaydaları və eyni zamanda empatik düşüncədir".

Bu fikirləri Redaktor.az-a Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Günel Əkbər Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamdan danışarkən bildirdi.

O əlavə etdi ki, biz bəzən telefonların arxasında emosiyalarımızı gizlədərək özümüzü ifadə edirik:

"Amma nə qədər texnologiya bizi emosiyasız bir xarakter inşa etməyə istiqamətləndirsə də, biz gərək öz emosiyalarımızı, duyğularımızı qoruyaq. Çünki bizi insan edən, bizi robotlardan fərqləndirən məhz düşüncələrimiz, duyğularımız və empatik düşüncəmizdir. Həm də düşünürəm ki, ikinci əsas prioritet məsələlərdən biri rəqəmsal dünyada, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə zamanın idarə olunması, dolayısı ilə texnoloji asılılığın idarə olunmasıdır. Ekran vaxtımızın düzgün planlaşdırılması, sosial şəbəkələrdə keçirilən vaxtın, əgər oyun oynayırıqsa, oyunlara sərf etdiyimiz vaxtın idarə olunması bir şəxsiyyət olaraq bizim bilməli olduğumuz məsələdir. Deyilə bilər ki, texnologiya ümumiyyətlə kənarda qalsın, heç kim oyun oynamasın, sosial şəbəkələrdən istifadə etməsin təbii ki, bu, günümüzdə qeyri-mümkün məsələdir".

Müəllim qeyd etdi ki, digər məsələ isə media savadlılığıdır:

"İnformasiya əsrində yaşayırıq və kifayət qədər çox məlumatlara, rəqəmlərə, datalara çıxışımız var. Lakin media savadlılığının formalaşdırılması, belə deyək, ağı qaradan seçməyin əhəmiyyətini bir daha vurğulayır. Çünki uşaqlar hər gördükləri məlumatın doğru olub-olmadığını ayırd etməkdə çətinlik çəkirlər. Amma media savadlılığı və tənqidi düşüncə bu istiqamətdə daha da təkmilləşdirilərsə, düşünürəm ki, saxta xəbərləri seçmək, ümumiyyətlə manipulyasiyadan uzaq durmaq bacarığı erkən yaşda formalaşar. Daha bir məsələ də şəxsi məlumatların qorunub saxlanılmasıdır".

Nuriyyə NATİQQIZI

Chosen
129
1
redaktor.az

2Sources