EN

Azərbaycanın enerji strategiyası: etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq faktoru

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları qlobal enerji gündəliyinin ən aktual məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışı isə bu platformanın artıq regional təşəbbüs deyil, geniş coğrafiyanı əhatə edən strateji enerji mexanizminə çevrildiyini bir daha nümayiş etdirir.

Enerji təhlükəsizliyi məsələlərinin məhz dialoq və qarşılıqlı etimad mühitində müzakirə olunması bugünkü mürəkkəb beynəlxalq şəraitdə daha aydın şəkildə öz əhəmiyyətini göstərir. Son 12 ilin təcrübəsi sübut edib ki, birgə səylər nəticəsində ən çətin ssenarilər belə real nəticələrlə əvəzlənə bilər.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas məqamlardan biri qaz ixracının coğrafiyasının sürətlə genişlənməsi olub. Artıq 16 ölkə Azərbaycan qazının istehlakçısına çevrilib. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünya miqyasında ön sıralarda yer almaq həyata keçirilən enerji strategiyasının uğurlu nəticəsidir. Xüsusilə Avropa bazarında mövcudluğun genişləndirilməsi mühüm önəm kəsb edir. Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması ilə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu amillər enerji təhlükəsizliyi baxımından mühüm alternativ mənbə formalaşdırmaqla yanaşı, uzunmüddətli tərəfdaşlıq modelini də möhkəmləndirir. Lakin artan tələbat mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir: “Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.

Enerji strategiyasının mühüm istiqamətlərindən biri yeni hasilat mərhələləridir. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. Yaxın illərdə “Abşeron” yatağının tammiqyaslı işlənməsi qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda “Ümid” yatağının ikinci mərhələsi üzrə istehsal planlaşdırılır. Əsas mənbələrdən biri olan Şahdəniz yatağında isə 2028-ci ildə yeni mərhələ üzrə hasilata start verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihələr maksimum istehsal səviyyəsində əlavə 10–15 milyard kubmetr qaz əldə etməyə imkan verəcək. Bu faktorlar isə həm mövcud bazarların təminatı, həm də yeni bazarlara çıxış üçün mühüm resurs bazası formalaşdırır.

Məşvərət Şurası çərçivəsində müzakirə olunan əsas istiqamətlərdən biri də yaşıl enerji keçididir. Prezident İlham Əliyev bildirib ki, Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Regionun ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyası “ACWA Power” tərəfindən inşa edilərək istifadəyə verilib. 2023-cü ildə isə “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istismara verib. Bu layihələr enerji balansında alternativ mənbələrin payını əhəmiyyətli dərəcədə artırır.

Burada diqqət çəkən məqamlardan biri dövlət və özəl sektorun sinerjisidir. SOCAR ilə yanaşı, özəl şirkətlərin də alternativ enerji layihələrinə investisiya yatırması bazarın perspektivliyini göstərir. Yaşıl enerjinin ixracı üçün ötürücü infrastrukturun qurulması prioritet istiqamətlərdəndir. Azərbaycandan Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan ölkəmizə enerji ötürülməsini nəzərdə tutan layihələr artıq müqavilə mərhələsindədir. Layihələrdən birində iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digərində isə proses davam edir. Bu təşəbbüslər yalnız enerji layihəsi deyil, eyni zamanda yeni geoiqtisadi xəritənin formalaşdırılması deməkdir. Gələcəkdə bu enerji dəhlizləri bir çox dövlətlər üçün ekzistensial əhəmiyyət daşıyacaq strateji infrastruktura çevriləcəkdir.

Prezident İlham Əliyev 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi istehsalının planlaşdırıldığını bildirib. Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu göstəricilər sadəcə memorandumlara deyil, konkret müqavilələrə əsaslanır. Alternativ enerjinin artması daxili istehlakda təbii qazın əvəzlənməsinə imkan verəcək, bu isə ixrac potensialını daha da genişləndirəcək. Eyni zamanda artan sənaye, kommunikasiya sektoru, süni intellekt və data mərkəzləri üçün dayanıqlı enerji bazası formalaşdırılacaqdır.

Dövlətimizin başçısı çıxışında ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına da toxunub. Sənəd enerji, süni intellekt, kommunikasiya və digər mühüm sahələr üzrə geniş əməkdaşlıq çərçivəsi yaradır. Bu amillər enerji təhlükəsizliyinin artıq yalnız resurs ixracı deyil, yüksək texnologiyalar və innovasiya ilə vəhdətdə inkişaf etdiyini göstərir.

Bakıda keçirilən bu iclaslar bir daha sübut edir ki, Cənub Qaz Dəhlizi təşəbbüsü artıq regional layihə deyil, qlobal enerji təhlükəsizliyinin mühüm komponentlərindən biridir. Eyni zamanda, yaşıl enerji gündəliyinin paralel şəkildə inkişafı enerji siyasətində balanslı və uzaqgörən yanaşmanın göstəricisidir. Prezident İlham Əliyevin çıxışı isə göstərdi ki, enerji strategiyası yalnız bugünkü tələbatın qarşılanmasına deyil, gələcək onilliklərin təhlükəsizlik və dayanıqlılıq çağırışlarına cavab verməyə hesablanıb.

Heydər Əsədov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
2
sesqazeti.az

3Sources