EN

WUF13 ün Bakıda keçirilməsi Azərbaycanın qlobal şəhərsalma siyasətində artan rolunun göstəricisidir AÇIQLAMA

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 mart, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi mötəbər beynəlxalq platformanın Bakıda təşkili Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, dayanıqlı inkişaf sahəsində formalaşdırdığı strateji baxışın və şəhər idarəçiliyi modelinin qlobal səviyyədə tanınmasının göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyin sədri Nadir Azəri bildirib.

Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi ölkəmizin urbanizasiya proseslərinə sistemli yanaşmasının, ekoloji davamlılıq və sosial inklüzivlik prinsiplərinə əsaslanan şəhərsalma siyasətinin beynəlxalq müzakirə predmetinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, bələdiyyə rəhbərləri, şəhər planlaşdırıcıları, akademik dairələr və vətəndaş cəmiyyəti institutları bir araya gələrək qlobal şəhər problemlərinə dair ortaq həll yollarını müzakirə edəcəklər. Bu forum Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində qazandığı zəngin təcrübənin davamıdır. Bakı artıq qlobal siyasi, iqtisadi və humanitar dialoq məkanına çevrilib. WUF13 isə ölkəmizin şəhər inkişafı, innovativ idarəetmə və yaşıl transformasiya istiqamətində atdığı addımları beynəlxalq auditoriyaya təqdim etmək üçün mühüm platformadır. Forum çərçivəsində dayanıqlı urbanizasiya, iqlim dəyişikliklərinə uyğunlaşma, karbon emissiyalarının azaldılması, “ağıllı şəhər” texnologiyalarının tətbiqi, əlçatan nəqliyyat sistemləri və sosial bərabərliyin təmin olunması kimi mövzuların müzakirəsi Azərbaycanın milli prioritetləri ilə tam uzlaşır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları beynəlxalq iştirakçılar üçün maraqlı təcrübə nümunəsi olacaq”, - deyə Nadir Azəri vurğulayıb.

İctimai birlik sədri bildirib ki, WUF13-ün Bakıda keçirilməsi iqtisadi baxımdan da mühüm dividendlər vəd edir. Onun sözlərinə görə, forum xarici investorların və beynəlxalq maliyyə institutlarının diqqətini Azərbaycanın şəhər infrastruktur layihələrinə yönəldəcək, yeni tərəfdaşlıqların formalaşmasına təkan verəcək. Eyni zamanda, tədbirin təşkili xidmət, turizm, nəqliyyat və tədbir sənayesi sahələrində əlavə iqtisadi aktivlik yaradacaq: “Belə mötəbər platformanın ölkəmizdə təşkili vətəndaş cəmiyyətinin beynəlxalq şəbəkələrə inteqrasiyasını da gücləndirəcək. Qlobal səviyyədə urbanizasiya problemlərinin müzakirəsi prosesində Azərbaycan qeyri-hökumət təşkilatlarının fəal iştirakı ölkəmizin yumşaq güc potensialını artıracaq və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə sadiqliyini, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl siyasət yürütməsini və qlobal çağırışlara açıq, konstruktiv tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirəcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
azertag.az

2Sources