EN

TDT üzvlərinin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclası keçirilə bilər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının keçirilməsi müzakirə olunur.

"Report" xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşündə deyib.

Görüş zamanı Azərbaycan ilə TDT-yə üzv ölkələr arasında dini-mənəvi sahədə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Dini Komitənin sədri Azərbaycanda dövlət-din münasibətləri modeli, dini tolerantlıq və multikulturalizm ənənələri, habelə bu sahədə həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Türkiyədə təşkil olunmuş iftar süfrələrinin xalqlar arasında mənəvi yaxınlığın və qardaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Ramin Məmmədov həmçinin Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq TDT çərçivəsində əməkdaşlığın önəminə toxunub. Qeyd edib ki, bu format çərçivəsində dini-mənəvi sahədə koordinasiyanın gücləndirilməsi, ortaq çağırışlara qarşı vahid yanaşmaların formalaşdırılması və sistemli əməkdaşlıq mexanizmlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Kubanıçbek Ömüralıyev isə TDT çərçivəsində dini və mənəvi dəyərlərin təşviqi istiqamətində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini bildirib. Baş katib Azərbaycan ilə TDT arasında dini-mənəvi sahədə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək bu istiqamətdə irəli sürülən təşəbbüslərə, o cümlədən üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının təşkili ideyasına dəstək verməyə hazır olduqlarını bildirib.

Chosen
1
6
far.az

10Sources