AZ

Dövlət Komitəsinin sədri Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 3-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.Metbuat.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi sahədə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Komitə sədri Ramin Məmmədov Azərbaycan Respublikasında dövlət-din münasibətləri modeli, dini tolerantlıq və multikulturalizm ənənələri, habelə bu sahədə həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Türkiyədə təşkil olunmuş iftar süfrələrinin xalqlar arasında mənəvi yaxınlığın və qardaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.Görüş çərçivəsində Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunub. TDT-yə üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının keçirilməsi ideyası ətrafında müzakirələr aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, bu format çərçivəsində dini-mənəvi sahədə koordinasiyanın gücləndirilməsi, ortaq çağırışlara qarşı vahid yanaşmaların formalaşdırılması və sistemli əməkdaşlıq mexanizmlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilat çərçivəsində dini və mənəvi dəyərlərin təşviqi istiqamətində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini bildirib. Baş katib Azərbaycan ilə TDT arasında dini-mənəvi sahədə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, bu istiqamətdə irəli sürülən təşəbbüslərə, o cümlədən üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının təşkili ideyasına dəstək verməyə hazır olduqlarını bildirib.

Seçilən
0
6
metbuat.az

10Mənbələr