EN

“Mühazirə otağında sahibkarlıq öyrətmək mümkün deyil"

Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.

Bu halda sual yaranır: ali təhsil müəssisələri tələbəni rəhbər kimi yetişdirirmi? Tələbə məzun olduqda iş yeri aça biləcək səviyyədə formalaşırmı?

AzEdu.az-a mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

Müsahibimiz bildirib ki, mühazirə otağında sahibkarlıq öyrətmək effektiv deyil:

“Məsələyə akademik prizmadan yanaşdıqda ali təhsilin ənənəvi bilik ötürücüsü rolundan çıxaraq sahibkar universitet modelinə keçidi müşahidə olunur. Mən beynəlxalq təcrübə və elmi tədqiqatlar baxımından məsələyə münasibət bildirmək istərdim.

Tələbənin rəhbər və ya iş yeri açan şəxs kimi yetişməsi sadəcə fərdi keyfiyyət deyil, institusional hədəfdir. Beynəlxalq praktikada uğurlu ali təhsil sistemləri universitet-sənaye-dövlət əməkdaşlığına əsaslanır. Bu modeldə universitet yalnız kadr hazırlamır, həm də iqtisadi inkişafın mərkəzi agentinə çevrilir. Tələbə və müəllimin elmi işləri patentləşdirilir və real biznes layihələrinə çevrilir. Yəni tələbə müəllimlə birlikdə startaplar yaradır, innovasiyalar reallaşdırır.

Beynəlxalq təcrübəyə nəzər salmaq faydalıdır. Qeyd etdiyim nümunələr artıq formalaşmış universitetlərin yanaşmalarıdır. Lakin hesab edirəm ki, Azərbaycanda da sahibkar və “ağıllı universitet” modelləri qurulmalıdır.

Məsələn, Stanford və Massaçusets Texnologiya İnstitutu kimi universitetlərdə fəaliyyət göstərən biznes inkubatorları tələbəyə ideyadan şirkət qurmağa qədər bütün mərhələlərdə dəstək verir. Müasir universitetlərin biznes inkubasiya mərkəzləri mövcuddur və tələbə universiteti yalnız ixtisas bilikləri ilə deyil, əlavə kompetensiyalarla tərk edir. Bu biliklər onu iş quran, iş yeri yaradan şəxs kimi formalaşdırır”.

Tələbələr real bazar problemlərini həll etməklə komanda idarəetməsi və resursların bölüşdürülməsi kimi rəhbərlik bacarıqlarını sınaqdan keçirməlidirlər:

“Universitet ixtisas üzrə nəzəri biliklərlə yanaşı, vergi, hüquq və maliyyə idarəçiliyi kimi praktik sahələrdə də biliklər təqdim etməlidir. Bu bir ekosistemdir. Əgər universitet daxilində inkubasiya mərkəzləri və startap laboratoriyaları yoxdursa, tələbə bu bilikləri haradan əldə edəcək?

Tələbəyə psixoloji hazırlıq da verilməlidir. Uğursuzluq ehtimalı fonunda riskləri qəbul etmək, məsuliyyəti üzərinə götürmək bacarığı formalaşdırılmalıdır. Sadəcə “bu ideya ağlıma gəldi, sabah tətbiq edim” demək kifayət deyil, onun məsuliyyəti də daşınmalıdır.

Akademik tədqiqatlar göstərir ki, mühazirə otağında sahibkarlıq öyrətmək effektiv deyil. Ənənəvi 90 dəqiqəlik mühazirə formatı artıq müasir universitet quruculuğunda arxivə göndərilməlidir. Dünyada bu istiqamətdə fərqli üsullar tətbiq olunur.

Tələbələr real bazar problemlərini həll etməli, komanda idarəetməsi və resurs bölgüsü kimi bacarıqları praktik şəkildə qazanmalıdırlar. Eyni zamanda onlara nəzəriyyəçilər deyil, real biznes təcrübəsi olan mentorlar rəhbərlik etməlidir. Mentor dəstəyi alan tələbə startaplarının ömrü daha uzun olur. Yalnız nəzəri bilik kifayət deyil; praktik bacarıqlar və real biznes təcrübəsi vacibdir”.

Ənənəvi universitet məzunları ilə üçüncü nəsil universitet məzunları arasında ciddi fərq mövcuddur:

“Akademik ədəbiyyatda vurğulanır ki, universitetin məqsədi hər kəsi rəhbər etmək deyil, hər kəsə sahibkarlıq təfəkkürü aşılamaqdır. Sahibkarlıq təfəkkürü olan məzun problemi imkan kimi görür.

Ənənəvi universitetlərin məzunları adətən iş yeri açmaq qabiliyyətinə malik olmurlar. Çünki sistem onları daha çox təhlükəsiz və tabelik ruhunda yetişdirib, məsuliyyət götürmək vərdişi formalaşdırmayıb.

Açıq demək lazımdır ki, ənənəvi universitet məzunları ilə “üçüncü nəsil universitet” məzunları arasında fərq var. Üçüncü nəsil universitetlər məzunu hazır biznes planı və ya fəaliyyət göstərən startapla yola salır və nəticə də bu zaman ortaya çıxır.

Universitet, institut, ali məktəb və ya akademiya adından asılı olmayaraq bütün ali təhsil müəssisələri tədris proqramlarını bazarla sinxronlaşdırmalıdır. Tələbəyə səhv etmək üçün təhlükəsiz laboratoriya, yəni inkubator mühiti təqdim edilməlidir. Təəssüf ki, bizim universitetlərdə bunların demək olar ki, heç biri yoxdur. Yalnız bəzi ali təhsil müəssisələrində epizodik nümunələrə rast gəlmək mümkündür”.

Chosen
6
1
azedu.az

2Sources