EN

Bakı Metropoliteni 3 qatarla bağlı məlumat yaydı - Nə baş verib?

Bakı Metropoliteni son günlər texniki vəziyyətin əlavə yoxlanılması və plandankənar təmirə qaytarılması məqsədilə istismardan çıxarılan 3 qatarla bağlı araşdırmaların başa çatdığını açıqlayıb.

Qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 19-da “Azadlıq prospekti” stansiyasında qeydə alınan hal maşinistin əlavə texniki baxışla bağlı müraciəti əsasında baş verib.

Qatar “Dərnəgül” stansiyasının sərnişindaşımaya cəlb olunmayan yolunda baxışdan keçirilib və zəruri ehtiyat tədbirləri görülüb. Hadisə pik saatdan əvvəl baş verdiyindən qatarların hərəkətinə ciddi təsir olmayıb, interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Metropolitendən qeyd olunub ki, digər iki hadisə nadir xarakterli texniki nasazlıqlarla bağlı olub və Yaşıl və Qırmızı xətlərdə qısamüddətli interval artımına səbəb olub. Bir halda “Nərimanov–Əhmədli” sahəsində təxminən 3 dəqiqəlik fasilə yaranıb. Fevralın 24-də baş verən digər hadisə zamanı isə qatar depoya göndərilənədək “28 May–İçərişəhər” sahəsində 15 dəqiqəlik gecikmə qeydə alınıb. Qatar xətdən çıxarıldıqdan sonra hərəkət ən qısa müddətdə bərpa olunub.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, hallardan birində işıqlandırma sisteminin, digərində isə elektrik qidalanma avadanlığının mühafizə sistemi işə düşüb. Mexanizmlər nasazlığın mümkün fəsadlarının qarşısını alan avtomatlaşdırılmış təhlükəsizlik sistemləridir və onların işə düşməsi təhlükəsizlik baxımından düzgün reaksiya hesab olunur.

Nəticələrə əsasən 3-cü nəsil qatar tərkiblərində əlavə texniki baxışlar aparılıb, texniki nəzarət mexanizmləri gücləndirilib və məsul şəxslərlə bağlı müvafiq tədbirlər görülüb.

Bütün qatarlara normativlərə uyğun vaxtında texniki qulluq göstərilir, təmir və ehtiyat hissələrlə təminatda problem yoxdur. Metro yüksək intensivliklə işləyən nəqliyyat sistemi olduğundan intervalda 1-3 dəqiqəlik dəyişiklik belə ictimai təsir yarada bilər. Hər üç hadisə zamanı operativ tədbirlər nəticəsində hərəkət qısa müddətdə bərpa edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
83
4
yenisabah.az

5Sources