EN

Yaxın Şərq münaqişəsi Avropada qaz qiymətlərinin artmasına səbəb olub

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Avropada qazın qiyməti kəskin şəkildə artıb. Belə ki, İranın hücumlarından sonra Qətər dünyanın ən böyük zavodunda mayeləşdirilmiş təbii qaz istehsalını dayandırıb.

AZƏRTAC xəbər verir ki, Niderlanddakı TTF mərkəzində aprel ayı üçün təbii qaz fyuçerslərinin qiyməti cari “Forex” məzənnələri ilə 19,7% artaraq 1000 kubmetr üçün 650 dollardan çox olub. Bu, “ICE Futures” birjasının məlumatlarına görədir.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Avropa təbii qazının qiymətləri bir gün əvvəl artmağa başlayıb. Çünki Fars körfəzindən neft və qaz təchizatı pozulub.

Bazar ertəsi, martın 2-də Qətərin dron hücumlarına məruz qalmasından sonra dünyanın ən böyük ixrac müəssisəsində mayeləşdirilmiş təbii qaz istehsalı dayandırılıb. Bu fonda Avropada qaz qiymətləri bazar ertəsi günü bir qədər korreksiya olunmadan əvvəl 50%-dən çox artıb. Qaz fyuçersləri günü 35% artımla tamamlayıb.

Bundan əlavə, həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Hörmüz boğazının bağlandığını elan edib və buradan keçməyə çalışan hər hansı bir gəmini vurmaqla hədələyib.

Beləliklə, cəmi iki gün ərzində Avropada qaz qiymətləri 66,7% artıb.

“Bloomberg”in məlumatına görə, Asiya ölkələri də təchiz edilən LNG-nin əksəriyyətini Yaxın Şərqdən alır. Təchizatda hər hansı bir fasilə alternativ qaz mənbələri üçün rəqabəti gücləndirəcək və bu da Avropa da daxil olmaqla qlobal miqyasda qiymətlərin artmasına səbəb olacaq.

Chosen
22
2
azerbaijan-news.az

3Sources