EN

İstisi gəlməsə də, tüstüsü gəlir: İran yanğını necə olacaq?

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Sahib Kərimli

Tramp da, Netanyahu da sistemin planlarını həyata keçirən fiqurlardır.

ABŞ, İsrail və ümumiyyətlə sistem qura bilən ölkələrin hamısında strategiya fərdlər üzərində inşa olunmur, taktika inşa olunur.

Əgər sistem qorxu yolu ilə qlobal nəticələr əldə etmək istəyirsə, sərt fiqurları seçir.

Əgər yumşaq gücdən istifadə etməklə nəticə əldə etmək istəyirsə, demokratiyadan, insan haqlarından danışan "nur” üzlü şəxsləri rəhbər seçir.

İran da sistemi olan ölkədir və avtoritar ölkələrdən kəskin fərqlənir.

Avtoritar ölkələrdə lideri qorxutmaq və ya dəyişmək qlobal gücün əlində birgünlük əməliyyatdır.

İngiltərə–ABŞ–İsrail koalisiyası qlobal gücün sistemidir.

Çin, Rusiya, Fransa, Almaniya, Yaponiya, Türkiyə və İran da sistemləri olan ölkələrdir. Təbii ki, hamısı əsas qlobal gücə çox ciddi alternativ və ya rəqib deyillər. Bir çoxunun sistemi yarımçıqdır.

Amma bəzilərinin qədim ənənəsi var. Bəziləri keçmişdəki sistemi qədər güclü sistemə sahib olmasa da, keçmişin izləri silinməyib, yaşayır. Fürsət düşsə, öz kamil sistemini qurmaq potensialı və yaddaşı var.

Məhz buna görə də dünya belə qarışıqdır. Çünki bütün tərəflər bir-biri ilə hibrid savaşdadır.

İranla bağlı məsələ necə olacaq?

Qlobal güc, Çinə görə olsa da, İsrailə görə olsa da, kürdlərə dövlət qurmaqla yeni bufer yaratmaq məqsədi ilə olsa da, İranı sistem olaraq məğlub etməyə qəti qərar verib.

Bəs qlobal güc İranın teokratik sistemini məhv etmək istəyir, yoxsa onu məğlub etmək? Bunlar fərqli məsələlərdir.

Birinci variantın sonu İranın parçalanmasıdır.

İkinci variant sistemin ələ keçirilməsidir.

Müharibənin gedişindən ABŞ–İsrail hərbi qüvvələrinin niyyəti qismən aydınlaşır. Yaxın həftələrdə İranın raket potensialını tükəndirmək və atəş nöqtələrini məhv etmək istəyirlər.

İranın hava məkanında tam nəzarətin təmin edildiyi bildirilir. Çinin və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin az və zəif olduğu iddia olunur.

Paralel olaraq, sistemin simvolik, idealist və qoruyucu fiqurları sıradan çıxarılır.

Ali dini rəhbərin öldürüldüyü bildirilir, ətrafındakı şəxslər də sıradan çıxarılır və prosesin davam edəcəyi ehtimal olunur.

SEPAH-ın seçkin nümayəndələrinin də öldürüldüyü bildirilir və qalanlarına qarşı nöqtə atışlarının davam edəcəyi qeyd olunur.

İranın raket ehtiyatı da, kadr potensialı da tükənməz deyil.

Üstəlik, qlobal gücün kəşfiyyat qurumlarının sistemin kadrlarının bir hissəsini ələ keçirdiyi və onları öldürmədiyi bildirilir.

Əsas məqsədin bir neçə həftə ərzində reaksiyasız İran dövlətini xalqa və dünyaya nümayiş etdirmək olduğu iddia olunur.

Belə vəziyyətdə sistemin içərisində sağ qalanların kapitulyasiyaya rahatlıqla imza ata biləcəyi ehtimal edilir.

Bu kapitulyasiyadan sonra sistemin dağıdılması, məsələn, yeni konstitusiyanın qəbulu və dünyəvi sistemə keçidin tələb olunacağı, yoxsa teokratik sistemin agentura vasitəsilə davam edəcəyi sual doğurur.

Və ya bu model müəyyən müddət davam edəcək?

Bunlar Azərbaycan dövlətini və xalqını ciddi şəkildə düşündürməli taleyüklü suallardır.

Bu yanğın yeri bizim altımızdadır. Hələlik istisi gəlməsə də, tüstüsü gəlir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
qaynarinfo.az

1Sources