EN

"28 May"da dəhliz yaradılır - "Gənclik" metro stansiyasını bulvara birləşdirəcək

Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq. Paytaxtın yaşıllaşdırılması fonunda hibrid yaşıl dəhlizlərin yaradılması məsələsi müzakirə mövzusudur.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, bunlardan biri də “28 May” dəhlizi layihəsidir.

Layihəyə əsasən, dəhliz xətti park vasitəsilə “Gənclik” metro stansiyasının ətrafını Bakı Bulvarı və Bakı Limanı ilə birləşdirəcək.

Burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış, hətta mədəniyyət və yaradıcılıq sahələri yaradılacaq. Ümumilikdə “28 May” hibrid dəhlizinin xətti təxminən 15.6 hektar ərazini əhatə edəcək.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə layihələr nəticəsində şəhərin bir tərəfindən digər tərəfinə piyada şəkildə rahat hərəkət etmək mümkün olacaq:

“Hibrid yaşıl zona o deməkdir ki, orada həm yaşıllıqlar var, şəhərin atmosferini yaxşılaşdırır, ümumi gözəllik yaradır. Bundan başqa yay vaxtı imkan vermir ki, şəhərin temperaturu çox yüksəlsin. Həmçinin, həm də o yaşıllıqlardan, yaşıl dəhlizlərdən mobillik üçün istifadə olunur. Ola bilsin ki, orada tramvay xətləri də salına bilər, yəni ekoloji təmiz nəqliyyat növlərinin oradan keçməsinə şərait yaradıla bilər. Bunların da şəbəkəsi olsa, lap gözəl olar. Şəbəkə şəhərin bir başından o biri başına yaşıl zonalarda hərəkət eləməklə getməyin mümkün olmasıdır”.

Ə.Hüseynov bildirib ki, xüsusən yay vaxtı insanlar piyada gəzintilərə üstünlük verirlər. Belə olduğu halda, bu yeniliyin həm sağlamlıq, həm də nəqliyyat sıxlığının qarşısının alınması üçün müsbət təsirləri olacaq.

Ekspert qeyd edib ki, bir neçə ərazinin belə yaşıl dəhlizlərə çevrilməsi planı var:

“Birincisi, bu gün istifadə olunmayan, yalnız yüklərin daşınması üçün nəzərdə tutulmuş dəmir yolu xətləri var. O dəmir yollarının tutduğu ərazini yaşıl dəhlizlərə çevirmək olar. Bəzi yerlərdə hələ Sovet dövründən qalan plansız tikililər var. Həmin tikililəri söküb həmin ərazidə şəhərin planına uyğun yeni layihələr icra edəndə mütləq həmin yaşıl dəhlizlər artırılmalıdır. Yaşıllıq zonaları ətrafında yaşayış binaları və bu tip tikililər minimum həddə olmalıdır”.

Chosen
22
3
olke.az

4Sources