EN

Novruz adətlərinə yeni baxış – Türk dünyasının ortaq bayramı haqqında yeni monoqrafiya

Bakı, 3 mart, AZƏRTAC

Ətraf mühit üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Yusif Dirilinin (Mahmudov) “Novruz: tarix və adət-ənənələrinə yeni baxış” adlı növbəti kitabı işıq üzü görüb.

Kitabın elmi redaktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmlər doktoru, professor Vüqar Əhməd AZƏRTAC-a bildirib ki, kitab müəllif axtarışlarının və müşahidələrinin uğurlu nəticəsi kimi diqqəti cəlb edir. Topluda Novruzun yaranma tarixi və adət-ənənələri ilə bağlı aparılan axtarışlar yer alıb. Elmi-publisistik üslubda qələmə alınmış bu əsərdə Novruzun türk xalqlarının ortaq yaz bayramı olduğu qeyd edilir və konkret misallar gətirilir.

Kitaba müəllifin Novruz və çərşənbələrlə bağlı illərlə apardığı müşahidə və araşdırmalar zamanı ortaya çıxan bəzi maraqlı məlumatlar, o cümlədən İlaxır çərşənbənin Torpaq, yoxsa Yel çərşənbəsi olması barədə fikirlər daxil edilib. Kitabda, həmçinin türk xalqlarının Novruz adətləri təqdim olunub. Monoqrafiyada elmi ədəbiyyatlarla yanaşı, dövri nəşrlərdən və internet resurslarından geniş istifadə olunub.

Y.Dirili, həmçinin topluya Novruza aid yazdığı bədii əsərlərdən nümunələr daxil edib. Bundan başqa, Novruz sovqatlarının tibbi əhəmiyyəti də kitabda əks olunub.

Kitaba AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun şöbə müdiri tarix elmləri doktoru, dosent Ramil Ağayev və AMEA Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli rəy veriblər.

Chosen
5
2
azertag.az

3Sources