EN

Yaddaşı gücləndirən təbii üsul…

Gül yağını 30 gün qoxulayanların beynində dəyişikliklər müşahidə edilib

Alimlər gül efir yağının insan beyni üzərində təsirini araşdıran yeni tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmaya əsasən, 30 gün ərzində mütəmadi şəkildə gül yağı qoxulayan şəxslərin beyin strukturlarında müəyyən fiziki dəyişikliklər qeydə alınıb.

Tədqiqat çərçivəsində iştirakçılar bir ay müddətində gündəlik olaraq gül yağını qoxulayıblar. MRT (maqnit-rezonans tomoqrafiya) görüntüləri əsasında aparılan analizlər göstərib ki, bəzi iştirakçıların beyinlərinin həcminin müəyyən hissələrində artım müşahidə olunub. Mütəxəssislər bu təsiri qoxu molekullarının birbaşa olaraq beynin yaddaş və emosiyalara cavabdeh olan limbik sisteminə təsiri ilə əlaqələndirirlər.

Araşdırma müəlliflərinin bildirdiklərinə görə, davamlı şəkildə gül qoxulamaq beynin “arxa sinqulyar korteksi” adlanan nahiyəsinin aktivliyini artıra bilər. Bu sahə diqqət, yaddaş və özünüdərk proseslərində mühüm rol oynayır. Alimlər hesab edirlər ki, həmin bölgənin stimullaşdırılması sinir hüceyrələri arasında əlaqələrin güclənməsinə və neyroplastikliyin, yəni beynin özünü yeniləmə qabiliyyətinin aktivləşməsinə səbəb ola bilər.

Tədqiqatda vurğulanıb ki, müşahidə edilən struktur dəyişiklikləri yalnız fiziki artımla məhdudlaşmır. Boz maddədə qeydə alınan dəyişikliklərin yaddaşın möhkəmlənməsi, öyrənmə qabiliyyətinin artması və emosional balansın yaxşılaşması ilə əlaqəli ola biləcəyi qeyd olunub. Bununla belə, mütəxəssislər bu nəticələrin daha genişmiqyaslı araşdırmalarla təsdiqlənməsinin vacibliyini bildiriblər.

Alimlərin fikrincə, aromaterapiya üsulları, o cümlədən gül yağı qoxlamaq, stresin azaldılması və koqnitiv sağlamlığın dəstəklənməsi baxımından perspektivli istiqamət hesab olunur. Bununla yanaşı, hər hansı üsulun tibbi məqsədlə tətbiqindən əvvəl mütəxəssis məsləhəti almaq tövsiyə edilir.

Şahnigar Əhmədova, “İki sahil”

Chosen
24
ikisahil.az

1Sources