EN

Faciə şahidi: Asfaltın üstündə qan su kimi axırdı

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 mart, Göyçək Mahmudlu, video Mirrəsul Cəfərov, AZƏRTAC

Xocalıda anadan olmuşam. Xocalının meşələri, çayları, Qırxqız yaylağı, Meydan yaylağı... Yay aylarında əhali Meydan yaylağına köçür, iyul-avqust aylarını orada keçirir, sonra Xocalıya enirdi. Daşbulaq yaxınlığında Xocalının ilk kəndi - Qışlaq kəndi idi. Sakinlər qışlağı həmin kənddə keçirdiklərinə görə elə adlanırdı. Çox təəssüf ki, 1905-ci ildə, 1918-ci ildə və 1992-ci ildə törədilən faciələr zamanı ermənilər ilk olaraq Qışlağa hücum ediblər...

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin professoru, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranı Mübariz Allahverdiyev deyib.

O bildirib ki, 1990-cı illərdə Bakıda işləməsinə baxmayaraq, xocalılarla birlikdə 4 il blokada şəraitini görüb:”1988-ci il sentyabrın 18-də mənə dedilər ki, ermənilər Xocalıya hücum edib. Evə xəbər vermədən qatarla Ağdama getdim. Saat 8-ə işləmiş Xocalıya çatdım. Dərələyəzdən gəlmiş soydaşlarımızın məskunlaşdıqları “Qaçqınlar kəndi” adlanan yerdə düşdüm. Gördüm, orada kişilər toplaşıblar. Onlar dedilər ki, ermənilər hücum etsələr də, silah-sursatsız onlara qalib gəliblər. Ermənilər Qarabağın Ermənistana birləşdirilməsi üçün çalışırdılar. Onlar Xocalını tamam yandırmaq, sakinləri isə oradan çıxarmaq üçün çalışırdılar. Onlar Lətif kişinin oğlu Zahidi qrad atəşi ilə evinin pilləkənlərində vurdular. Xocalının gecəsi, gündüzü yox idi, sakinlər evlərində otura bilmirdilər. İşıq, qaz təchizatı dayandırılmışdı. Qrad mərmiləri başlarına yağış kimi səpələnirdi. Yaralılara maşın qarajlarında tibbi yardım göstərirdilər. Bütün bunlara baxmayaraq, Xocalı sakinləri evlərindən çıxmırdılar. Bizi Əsgərandan o yana buraxmırdılar. Xocalılar çox ağır vəziyyətdə idilər, onlar hər yerə teleqram göndərsələr də, ciddiyə alan olmurdu”.

Mübariz Allahverdiyev xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər müxtəlif silahlarla, tanklarla hücuma keçiblər:”Ağdamda qalmışdıq, təlaş içində idik, əlimiz camaata çatmırdı. Müxtəlif yerlərə zəng etsək də, teleqram vursaq da, heç yerdən kömək gəlmədi. Gecə ikən meyitlər Ağdama gətirilirdi. Asfaltın üstündə qan su kimi axırdı. Məsciddə kəfən çatmırdı. Uşaqlar, qadınlar şaxtalı-qarlı havada əliyalın vəziyyətdə zülmlə gəlmişdilər. Ağdamdan olan Tariyel həkim Ağdam məscidinin yanında tibb məntəqəsi açmışdı. Orada 350-yə qədər ağır yaralı var idi. Mən qardaşımla birlikdə ağır yaralılara tibbi yardım göstərdim. Faciədən sağ çıxanlar meşələrə, dağlara səpələnmişdilər. Yaralılara kömək edir, şəhidləri daşıyırdılar. Buna baxmayaraq, faciəni gizlətməyə çalışırdılar. Radioda elan etdilər ki, cəmi iki nəfər ölüb, qalanları sağdır. Buna dözmədim, gecə ilə Ağdam-Bakı qatarı ilə paytaxta gəldim. Oradakı vəziyyət barədə aidiyyəti şəxslərə məlumat verdim. Təzəpir məscidinə gedib, aidiyyəti şəxslərə hadisəni danışdım. Məscidlərdə kəfən olmadığını və meyitlərin dini qaydalara uyğun dəfn edilnməsində çətinlik yarandığını dedim. Bizə lazımi kömək göstərdilər”.

Müsahibimiz bildirib ki, faciə zamanı yaxın qohumları şəhid olub. O, eyni zamanda, vurğulayıb ki, həmin vaxt həyatını itirənlərin hamısını doğması, əzizi hesab edir. “Xocalı soyqırımı heç zaman unudulmayacaq. İllər ötdükcə bu faciə insanların şüuruna daha çox həkk olunur”, - deyə o diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
azertag.az

3Sources