EN

Regiondakı münaqişələr fonunda nəqliyyat marşrutlarının transformasiyası: Azərbaycan və Türkiyənin strateji rolu ŞƏRH

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 2 mart, AZƏRTAC

Regionda davam edən münaqişələr və artan geosiyasi gərginlik beynəlxalq nəqliyyat və logistika sistemində ciddi transformasiyalara səbəb olub. Qlobal təchizat zəncirlərində müşahidə edilən dəyişikliklər yeni marşrutların formalaşmasını və alternativ dəhlizlərə marağın artmasını şərtləndirir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi və iqtisadi məsələlər üzrə ekspert Canip Nuray bildirib.

Onun sözlərinə görə, son illərdə Avrasiya məkanında baş verən qarşıdurmalar, sanksiya rejimləri və təhlükəsizlik riskləri ənənəvi tranzit yollarının davamlılığına mənfi təsir göstərib.

“Xüsusilə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində baş verən hadisələr yükdaşımaların marşrut xəritəsini yenidən formalaşdırır. Qlobal şirkətlər artıq tək marşrutdan asılı qalmağın riskli olduğunu anlayır və daha təhlükəsiz, siyasi baxımdan sabit ölkələr üzərindən keçən alternativ marşrutlara üstünlük verirlər. Məhz bu şəraitdə Azərbaycan və Türkiyə geostrateji mövqeləri, inkişaf etmiş infrastrukturları və koordinasiyalı siyasətləri ilə ön plana çıxırlar. Hər iki ölkə Avropa ilə Asiyanı birləşdirən əsas qovşaq nöqtəsində yerləşir və bu üstünlük son illərdə məqsədyönlü investisiyalarla daha da gücləndirilib. Trans-Xəzər istiqamətində formalaşan Orta Dəhliz mövcud geosiyasi şəraitdə strateji alternativ kimi çıxış edir. Bu marşrut Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan ən qısa və təhlükəsiz xətlərdən biridir. Orta Dəhliz təkcə iqtisadi layihə deyil, həm də geosiyasi sabitlik platformasıdır. Bu xətt boyunca yerləşən ölkələrin əməkdaşlığı regionda qarşılıqlı asılılığı artırır və sabitliyi təşviq edir”, - deyə Canip Nuray vurğulayıb.

Azərbaycanın nəqliyyat-logistika imkanlarından danışan ekspert xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolunu qeyd edib. C.Nuray bildirib ki, bu liman Xəzər üzərindən daşınan yüklərin operativ şəkildə qəbul və ötürülməsini təmin etməklə Orta Dəhlizin əsas dayaqlarından birinə çevrilib. Eyni zamanda, Ələt Azad İqtisadi Zonasının fəaliyyəti istehsal, emal və yenidən ixrac imkanlarını genişləndirərək Azərbaycanın tranzit ölkədən regional logistika mərkəzinə transformasiyasını sürətləndirir.

Türkiyənin roluna toxunan Canip Nuray qeyd edib ki, ölkənin həm Avropa, həm də Yaxın Şərq bazarlarına çıxışı onu qlobal təchizat zəncirinin ayrılmaz hissəsinə çevirir. Bu kontekstdə Marmaray tuneli Asiya ilə Avropa arasında dəmir yolu bağlantısının fasiləsizliyini təmin edən mühüm infrastruktur obyektidir.

Bundan başqa, Bakı–Tbilisi–Qars dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların həcmini artıraraq Orta Dəhlizin effektivliyini yüksəldir.

Ekspert qeyd edib ki, regionda davam edən münaqişələr qlobal ticarətin şaxələndirilməsini sürətləndirir.

“Beynəlxalq investorlar və logistika şirkətləri riskləri minimuma endirmək üçün marşrutlarını diversifikasiya edirlər. Bu isə Azərbaycan və Türkiyə üçün əlavə imkanlar yaradır. Çünki hər iki ölkə həm siyasi sabitlik, həm də institusional etibarlılıq baxımından etimad qazanan tərəfdaşlardır. Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik nəqliyyat layihələrinin uzunmüddətli davamlılığını təmin edən əsas amildir. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, enerji və müdafiə sahəsində əməkdaşlıq logistika sektorunda da koordinasiyanı gücləndirir və regional inteqrasiyanı dərinləşdirir. Qarşıdakı illərdə Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi yük axınının daha da artmasına səbəb olacaq. Əgər mövcud geosiyasi risklər davam edərsə, alternativ və təhlükəsiz marşrutlara tələbat daha da artacaq. Bu isə Azərbaycan və Türkiyənin Avrasiyanın logistika xəritəsində mövqeyini möhkəmləndirəcək”, - deyə ekspert vurğulayıb.

Canip Nuray əlavə edib ki, nəqliyyat marşrutları təkcə iqtisadi deyil, həm də siyasi və strateji alətə çevrilib. Onun fikrincə, Azərbaycan və Türkiyənin koordinasiyalı siyasəti regionda sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və qlobal ticarətin davamlı inkişafına mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
azertag.az

2Sources