EN

Elçin Mirzəbəyli: “Xameneinin ölümü vilayət i fəqihin avtomatik süqutu demək deyil”

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bir neçə gündür ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları davam edir.

Sözügedən əməliyyatlar müəyyən suallar da doğurur.

Maraqlıdır, əməliyyatlar zamanı həm də Xameneinin ölümü İran-da vilayət-i fəqih sistemini zəiflədir, yoxsa daha sərt mərhələyə keçir?

Bundan sonra rejimin idarəsi onun etdiyi kimi edə biləcəkmi?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli danışıb.

O bildirib ki, Əli Xameneinin ölümü İran İslam Respublikasının dini-siyasi idarəçilik sisteminin dayağı hesab olunan vilayət-i fəqih modelini ciddi sınaq qarşısında qoya bilər. Lakin bu hadisəni avtomatik olaraq sistemin zəifləməsi kimi qiymətləndirmək doğru olmaz. İranın siyasi arxitekturası bir şəxsin iradəsinə deyil, paralel və bir-birini tamamlayan institutların balansına əsaslanır. Məsələ ondadır ki, bu balans lider dəyişikliyi zamanı hansı istiqamətə meyllənəcək?

Millət vəkili eyni zamanda deyib:

“Vilayət-i fəqih konstitusion baxımdan institusional mexanizmdir. Ancaq 1989-cu ildən bəri sistemin praktik tətbiqi göstərdi ki, ali dini lider fiquru tədricən yalnız dini-siyasi nəzarətçi deyil, həm də strateji qərarların mərkəzi aktoruna çevrilir. Xameneinin uzunmüddətli hakimiyyəti dövründə təhlükəsizlik strukturları, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu dövlətin əsas güc sütununa çevrildi. Bu isə o deməkdir ki, mümkün keçid mərhələsində əsas sual “sistem qalacaqmı?” yox, “real güc kimə keçəcək?” olacaq. Tarixi presedentlər göstərir ki, İranın siyasi sistemi lider dəyişikliklərini radikal transformasiya ilə deyil, adaptasiya yolu ilə qarşılayır. Ruhullah Xomeyninin vəfatından sonra vilayət-i fəqih zəifləmədi, əksinə, təhlükəsizlik mexanizmləri daha da sistemləşdirildi və dövlət nəzarəti institusional çərçivədə daha da sərtləşdirildi. Bu baxımdan, Xameneidən sonrakı mərhələdə də sərtləşmə ehtimalı zəifləmədən daha real görünür. Xüsusilə də varis fiqur dini legitimlik baxımından əvvəlki lider səviyyəsində qəbul olunmazsa, hakimiyyətdəki legitimlik boşluğunu təhlükəsizlik və nəzarət alətləri ilə kompensasiya etməyə çalışa bilər”.

Elçin Mirzəbəyli onu da deyib ki, digər tərəfdən, İran cəmiyyətinin strukturu 1989-cu illə müqayisədə köklü şəkildə dəyişib:

“Şəhərləşmə artıb, gənc nəsil daha dünyəvi baxışlara malikdir, sosial-iqtisadi narazılıq isə daha açıq formada ifadə olunur. Belə şəraitdə keçid dövrü daxili elita balansını sınağa çəkə bilər. Ruhanilər, mühafizəkar siyasi dairələr və təhlükəsizlik aparatı arasında görünməyən rəqabət açıq mübarizə fazasına keçərsə, sistem formal olaraq qalmaqla məzmun etibarilə dəyişə bilər”.

O, son olaraq vurğulayıb:

“Əsas ehtimal isə vilayət-i fəqihin formal saxlanılması, lakin real hakimiyyətin daha açıq şəkildə təhlükəsizlik elitasının əlində cəmləşməsi ssenarisidir. Bu halda İran teokratik respublika modelindən təhlükəsizlik-mərkəzli idarəetmə modelinə doğru transformasiya edə bilər. Yəni struktur qalır, amma onun daxili məntiqi dəyişir. Beləliklə, Xameneinin ölümü vilayət-i fəqihin avtomatik süqutu anlamına gəlmir. Daha real ssenari sistemin qorunması, lakin güc balansının təhlükəsizlik strukturlarının xeyrinə dəyişməsidir. Və təbii ki, hər şey hazırda davam etməkdə olan müharibənin nəticəsindən asılıdır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
8
icma.az

10Sources