
Belçikanın müdafiə naziri Teo Franken Şimal dənizində Rusiyanın "kölgə donanması"na məxsus olduğu bildirilən neft tankerinin saxlanıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, nazir bu əməliyyatın Fransanın dəstəyi ilə "Mavi İstilaçı" adı altında keçirildiyini bəyan edib. Franken ələ keçirilən tankerin hazırda Zebrugge limanına aparıldığını və əməliyyatla bağlı daha ətraflı məlumatın yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağını qeyd edib.
Belçikanın Baş naziri Bart De Vever isə sosial media hesabı vasitəsilə Fransa tərəfinə göstərdiyi köməyə görə təşəkkür edərək, ölkəsinin beynəlxalq dəniz hüququnu və ərazi sularının təhlükəsizliyini qətiyyətlə qoruyacağını vurğulayıb. Eyni zamanda, Belçikanın ədliyyə naziri Annelis Verlinden geosiyasi gərginliyin artdığı bir dövrdə Şimal dənizinin və mühüm infrastrukturun mühafizəsinin həyati əhəmiyyət kəsb etdiyini bildirib.
Xatırladaq ki, yanvar ayında Fransa da Rusiyanın "kölgə donanması"na aid olduğu düşünülən bir neft tankerini saxlamış, həmin gəmi yalnız fevralın 17-də müvafiq cərimə ödənildikdən sonra sərbəst buraxılmışdı. Avropa ölkələri Rusiyanı Ukrayna müharibəsi səbəbindən tətbiq edilən sanksiyalardan yayınmaq məqsədilə köhnə və texniki baxımdan yararsız tankerlərdən ibarət gizli "kölgə donanması"ndan istifadə etməkdə ittiham edir. Hazırda Avropa İttifaqı bu cür fəaliyyətlərə qarşı genişmiqyaslı sanksiya tədbirlərini davam etdirir.