EN

Yaxın Şərqdəki gərginlik fonunda Türkiyənin hava məkanında naviqasiya xidməti fasiləsiz aparılır

İstanbul, 1 mart, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Yaxın Şərqdə baş verən hadisələr fonunda regiondakı hava məkanı və nəqliyyat axını ilə bağlı mövcud vəziyyət barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, nazirlik İran, İraq, İsrail, Suriya, Bəhreyn, Küveyt və Qətər hava məkanlarında müxtəlif səviyyələrdə bağlanma və ya məhdudiyyətlərin tətbiq olunduğunu bildirib.

Məlumata əsasən, Əfqanıstanın hava məkanında hava hərəkəti xidmətləri göstərilmir. Birləşmiş Ərəb Əmirliklərinin hava məkanında (Emirates FIR) hava yolu tənzimləmələri tətbiq edilir. İsraildə Ben Qurion hava limanı məhdud əməliyyat rejimində fəaliyyət göstərir. Hayfa, Ramon, Roş Pina və Herzliya hava limanları bağlıdır. Suriyada Dəməşq və Hələb beynəlxalq hava limanlarında əməliyyat vəziyyəti yayımlanmış NOTAM-lar (pilotlara və aviasiya ilə bağlı verilən təhlükəsizlik bildirişi) çərçivəsində dəyişkəndir.

Məlumatda qeyd edilib ki, nəqliyyat axını əsasən Səudiyyə Ərəbistanı-Misir–Türkiyə-Cənubi Kipr xətti üzrə, qismən də Azərbaycandan şimal marşrutu vasitəsilə Türkiyə və Avropa istiqamətində planlaşdırılır. Türkiyənin hava məkanında sıxlıq artımı müşahidə olunsa da, naviqasiya xidmətləri təhlükəsiz və fasiləsiz şəkildə davam etdirilir.

Fevralın 28-də regional bağlanmalar səbəbindən ümumilikdə 15 reys alternativ hava limanlarına yönləndirilib, onlardan 9-u İstanbul hava limanına istiqamətləndirilib.

İran hava məkanından istifadə edən Türkiyə qeydiyyatlı hava gəmiləri ilə bağlı verilən açıqlamada deyilir ki, “Türk Hava Yolları” və “Pegasus Hava Yollarına” məxsus 2 təyyarə Tehran hava limanında gözləyir. Türk daşıyıcılarının reyslərində mövcud məhdudiyyətlər çərçivəsində marşrut dəyişiklikləri tətbiq olunur.

Nazirlik regiondakı hadisələrin yaxından izlənildiyini, hava məkanı və aeroportların vəziyyətində baş verə biləcək dəyişikliklərə uyğun olaraq aidiyyəti qurumlarının koordinasiya şəraitində fəaliyyətini davam etdirdiyini bildirib.

Chosen
25
13
azertag.az

10Sources