OpenAI-ın baş direktoru Sem Altman şirkətin ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə mühüm bir saziş imzaladığını elan edib. Razılaşmaya əsasən, OpenAI-ın süni intellekt modelləri Pentaqonun "məxfi şəbəkəsində" tətbiq olunacaq. Altman bu barədə özünün X (keçmiş Twitter) hesabında məlumat verib.
"Bizim üçün ən vacib iki təhlükəsizlik prinsipi mövcuddur: kütləvi daxili nəzarətin qadağan edilməsi və avtonom silah sistemləri də daxil olmaqla, güc tətbiqinə görə insan məsuliyyətinin qorunması", – OpenAI rəhbəri qeyd edib. O bildirib ki, Pentaqon bu prinsipləri dəstəkləyir və həmin bəndlər rəsmi müqaviləyə daxil edilib.
Altmanın sözlərinə görə, OpenAI modellərin düzgün və təhlükəsiz fəaliyyətini təmin etmək üçün xüsusi texniki mühafizə tədbirləri hazırlayacaq. Şirkət modelləri dəstəkləmək məqsədilə FDE (Future Degree Engineering – Gələcək Dərəcəli Mühəndislik) metodologiyasını tətbiq edəcək. Baş direktor həmçinin zəmanət verib ki, bu texnologiyalar yalnız bulud şəbəkələri daxilində istifadə olunacaq.
Sem Altman Pentaqonu süni intellekt sahəsindəki digər oyunçulara da eyni şərtləri təklif etməyə çağırıb: "İnanırıq ki, hər bir şirkət bu şərtləri qəbul etməyə hazır olmalıdır". O əlavə edib ki, hazırkı addım "hüquqi və hökumət məhdudiyyətlərindən kənara çıxaraq ağlabatan və konstruktiv razılaşmalara keçmək istəyinin" göstəricisidir.
Maraqlıdır ki, bu elan ABŞ-dakı daxili siyasi gərginlik fonunda verilib. Fevralın 28-də prezident Donald Tramp bütün federal qurumlardan digər nəhəng süni intellekt şirkəti olan Anthropic-in texnologiyalarından istifadəni dayandırmağı tələb edib. Bir neçə həftədir davam edən mübahisə Pentaqonun 3 yanvarda Venesuelaya qarşı əməliyyat zamanı Anthropic-in "Claude" məhsulundan istifadə etməsi ətrafında yaranıb.
Anthropic texnologiyanın kütləvi izləmə və ya tam avtonom silahların yaradılması üçün istifadəsinə qarşı çıxsa da, Pentaqon qanunla qadağan olunmayan istənilən vasitədən istifadə hüququna malik olduğunu iddia edirdi. Nəticədə, Anthropic-in baş direktoru Dario Amodei 27 fevralda Pentaqonun "Claude" botundan istifadə tələbini rəsmən rədd etdiyini açıqlayıb. Görünən odur ki, OpenAI-ın bu boşluğu doldurması hərbi-texnoloji bazarda yeni balans yaradacaq.
S.ELAY
XQ