EN

Pedaqoq Nigar Gülməmmədli: “Şagird oxuduğunu deyil, oxuduğu zaman başa düşmədiyi mətni unudur”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Oxu bacarığı uşağın akademik inkişafında əsas mərhələlərdən biridir. Lakin bəzən valideynlər və müəllimlər uşağın oxuduğunu yadda saxlamadığını və ya mətnin məzmununu tam başa düşmədiyini müşahidə edirlər. Bu vəziyyət hər zaman yaddaş zəifliyi ilə bağlı olmur; bəzən oxu texnikası, söz ehtiyatı və ya diqqət xüsusiyyətləri ilə əlaqəli olur.

Pedaqoq Nigar Gülməmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, oxuyub-anlama bacarığı düzgün, axıcı və intonasiyalı oxudan sonrakı mərhələdir: “Şagird oxuduğunu deyil, oxuduğu zaman başa düşmədiyi mətni unudur. Əgər oxu tam deyilsə və şagird yalnız hecalayaraq oxuyursa, yəni hecaları birləşdirib söz halında bütöv ifadə edə bilmirsə, uşağın oxuduğunu yadında saxlamaması normaldır. Çünki oxuyub anlama bacarığı düzgün, axıcı və intonasiyalı oxudan sonrakı mərhələdir. Əgər uşaq sözü oxuduğu zaman həmin sözün zehnində qarşılığı yoxdursa onu unudar.

Bəzi uşaqlarda diqqət dağınıqlığı, diqqətin davamlılığı və mərkəzləşməsində də problemlər olur. Məsələn; uşaq oxuduğu mətnin ya sonunu, ya da əvvəlini xatırlayır. Bu da uşağın diqqətinin davamlılığının nə qədər olduğunu müəyyən edir. Əgər uşağın oxusunda problem yoxdursa, düzgün oxuduğu təqdirdə oxuyub anlama yoxdursa diqqət dağınıqlığı ehtimalı üzərində də dayanılmalıdır. Və bunu təhsil sahəsində çalışan mütəxəssislər dəyərləndirməlidir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
97
bizimyol.info

1Sources