EN

Region yeni genişmiqyaslı müharibə astanasında -ŞƏRH

Əfqanıstan və Pakistan arasındakı gərginlik Durand xətti boyunca genişmiqyaslı silahlı qarşıdurmaya çevrilib.

Bəs tərəflər arasında münaqişənin əsas səbəbi nədir?

Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hazırda Pakistan və Əfqanıstan arasında sərhəddə toqquşmalar ciddi şəkildə eskalasiyaya çevrilib:

"Yəni adi sərhəd qarşıdurmasından hərbi əməliyyatlara, bəzi mənbələrə istinad etsək, “açıq müharibə” mərhələsinə keçməyə daha çox yaxınlaşıblar. Çox təəssüflə qeyd etmək lazımdır ki, belə bir vəziyyət Ramazan ayında baş verir və münaqişə tərəfləri müsəlman kimliyi daşıyır. Hazırda vəziyyət çox gərgindir və hər iki tərəf itkilərdən danışır. Lakin dünya ictimaiyyəti hərbi əməliyyatların daha da genişlənməsinin qarşısını almaq məqsədilə hərəkətə keçib və sülh danışıqlarını bərpa etmək üçün səyləri artırmağa çalışır".

Politoloqun sözlərinə görə, sülh prosesi vaxtında bərpa edilməzsə, mülki əhali arasında itkilərin sayı artaraq regionda daha bir genişmiqyaslı müharibə riski yarada bilər:

"BMT və bir sıra dövlətlər, məsələn, İran, tərəfləri dialoqa çağırıb. Ramazan ayının əhəmiyyəti və müsəlman ölkələri üçün bu ayda sülh və əmin-amanlığın önəmi tərəflərə xatırladılıb. Regional güclər – Səudiyyə Ərəbistanı, Rusiya, İran və digər dövlətlər vasitəçilik etməyə çalışdıqlarını bildiriblər. Burada Pakistanın hərəkətləri daha çox dünya mediasında tənqid olunur və Pakistanın bu istiqamətdə atdığı addımları münaqişəni regional sabitliyi təhdid edən addım kimi qiymətləndirən ölkələr var. Toqquşmaların intensivləşməsi həmçinin regionda təhlükəsizlik və humanitar böhranı daha da artıra bilər və xüsusilə də mülki şəxslərin zərər görməsi bu istiqamətdə vəziyyəti ağırlaşdırır. İki ölkə arasında münaqişə illərdir davam edən siyasi və təhlükəsizlik baxımından gərginliyin artmasına səbəb olub. Burada bir çox səbəbləri qeyd etmək olar. Xüsusilə də Taliban hakimiyyətinin siyasi statusundan tutmuş Durand xəttinin tanınmasına qədər iki ölkə arasında qarşılıqlı ziddiyyətli məqamlar var. Durand xətti xəritədə çəkilmiş bir xətt olaraq bitmiş hesab edilmir. O, tarixi, etnik, siyasi və təhlükəsizlik məsələlərinin düyün nöqtəsi olaraq artıq 100 ildən çoxdur ki, iki ölkə arasında problemə çevrilib".

Müsahibimiz qeyd etdi ki, bu gün Pakistan və Əfqanıstan arasında baş verən gərginliyin kökündə dayanan problemlərdən ən önəmlisi də məhz Durand xətti ilə bağlıdır:

"Sərhədin statusu və onun ətrafındakı qarşılıqlı ittihamlar hazırda baş verən münaqişəyə yenidən səbəb olub. 130 ildən çoxdur ki, məsələ iki ölkə arasında siyasi gərginlik mənbəyi olaraq zaman-zaman alovlanmaqdadır və bu gün də vəziyyət eynidir. Münaqişə məhz oradan qaynaqlanır. O qənaətdəyəm ki, müvəqqəti də olsa sülh danışıqlarının bərpası mümkün olacaq".

Aytəkin TOFİQQIZI

Chosen
20
redaktor.az

1Sources