“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyunda “Sumqayıt” 0:3 hesabı ilə məğlub olub.
Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, bura gəldiyim vaxtdan bəri ən pis birinci hissə oynadıq. İnana bilmirəm ki, bu cür asan qollar buraxdıq. İkinci hissəyə bir az yaxşı başladıq. Amma Ninkoviçin meydanı tərk etməsi oyuna təsirini göstərdi.
Daha yaxşı oynamağa çalışacağıq. Aleksander Ramalinqomun bir oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik. Deməzdim ki, mən rahatam. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı.
Yankoviçin hərarəti yüksək idi. İki məşqdə iştirak etməmişdi. Ona görə bu matçda iştirak etmədi”.
