EN

“Milli Məclis adında dəyişiklik zəruri deyil” - Fəzail İbrahimli

Parlamentin bugünkü plenar iclasında vitse-spiker Rafael Hüseynov çıxışı zamanı təklif edib ki, bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.

Vitse-spikerin bu təklifi ilə bağlı Redaktor.az-a danışan tarixçi alim, deputat Fəzail İbrahimli bildirdi ki, bu yanaşma doğru deyil:

"Dilə süni şəkildə fərqli don geyindirib “milli” sözünün işlədilməsini yanlış kimi təqdim etmək əsaslı mövqe sayıla bilməz. Bu gün Azərbaycanda adında “milli” ifadəsi olan çoxsaylı dövlət qurumları fəaliyyət göstərir: Azərbaycan Milli Elmlər Akademiyası, Milli Konservatoriya, Milli Arxiv, Milli Kitabxana və digərləri. Bu adlandırma dövlətçilik ənənəsinin və milli kimliyin ifadəsidir. O halda sual yaranır: bu qurumların adındakı “milli” sözü də yanlışdırmı? Əlbəttə ki, yox. “Milli ruh”, “milli qürur”, “milli varlıq”, “Milli Azadlıq Mübarizəsi” kimi anlayışlar Azərbaycan ictimai-siyasi leksikonunun ayrılmaz hissəsidir. Milli Məclisin adında bu sözün işlədilməsi də həmin məntiqin davamıdır. Türkiyədə də Böyük Millət Məclisidir. Amma bunun görünür tarixini o bilmir. Bilsəydi təbii ki, bunu müqayisə etməzdi".

Türkiyə Böyük Millət Məclisi ilə aparılan müqayisəyə gəlincə, professor qeyd etdi ki, burada tarixi kontekst nəzərə alınmalıdır.

"Birinci Dünya Müharibəsindən sonra Osmanlı dövləti məğlub oldu və 1918-ci il Mudros müqaviləsi ilə ağır şərtlərlə üzləşdi. 1920-ci il martın 16-da ingilis və fransız qoşunları İstanbula daxil oldu, ölkə faktiki bölüşdürülürdü. Belə bir şəraitdə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi çağırıldı. Bu məclis istiqlal mübarizəsinin siyasi mərkəzinə çevrildi. Aparılan mübarizə nəticəsində 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan olundu və həmin ali qanunverici orqan tarixə Böyük Millət Məclisi adı ilə düşdü. Bu tarixi reallığı nəzərə almadan Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisinin adını müqayisə etmək düzgün deyil. Azərbaycanda “milli” ifadəsinin dövlət qurumlarının adında işlədilməsi dövlətçilik konsepsiyasının tərkib hissəsidir və burada qeyri-adi heç nə yoxdur", - deyə Fəzail İbrahimli vurğuladı.

Nuriyyə NATİQQIZI

Chosen
18
2
redaktor.az

3Sources