EN

İslamabad-Kabil qarşıdurması: İran ssenarisinin kölgəsində yeni müharibə -ÖZƏL

Pakistan və Əfqanıstan arasındakı sərhəd gərginliyi tammiqyaslı hərbi münaqişəyə çevrilib. Pakistanın müdafiə naziri Xavaca Asif "Taliban" hökumətinə qarşı "açıq və qanlı müharibə" elan edildiyini açıqlayıb.
İslamabad "Taliban"ı terrorizmi ixrac etməkdə və Hindistanın oyuncağına çevrilməkdə günahlandırır.
Pakistan ordusu Kabil, Qəndəhar və Paktiya əyalətlərinə hava zərbələri endirib. "Taliban" isə Durand xətti boyunca hücuma keçdiyini və Pakistan qırıcısını vurduğunu iddia edir. 
Bu müharibə Cənubi Asiyada güc balansını necə dəyişəcək və Hindistanın prosesə müdaxiləsi ehtimalı nə qədərdir?Münaqişənin uzunmüddətli olma ehtimalı varmı?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib: 
"İranla bağlı gərginlik davam etdiyi müddətdə belə bir hadisənin baş verməsi kənar güclərin təsiri ilə meydana çıxan prosesdir. Şübhəsiz ki, Pakistan və Əfqanıstan arasında sərhəd məsələsi ilə bağlı müəyyən anlaşmazlıq var. Lakin bu, tam müharibəyə gətirib çıxaracaq həddə deyil. Hindistanın baş nazirinin İsrailə səfəri nəticəsində proseslər dəyişdi. İrana müdaxilə reallaşacaq. Bu proses zamanı müsəlman Əfqanıstan və müsəlman Pakistanın mümkün müdaxiləsi ehtimalına qarşılıq hər iki ölkəni bir - birinə qarşı təhrik etdilər. Eyni zamanda Pakistanı məşğul etmək üçün şübhəsiz ki, Hindistanın da Pakistana qarşı təhrik edilməsi müşahidə oluna bilər. Bir qədər əvvəl İsrailin baş naziri yeni "sünni oxunun" yaranmasının qarşısını alacaqlarını və yeni "ox" yaradacaqlarını bəyan etmişdi. Münaqişə çox güman ki, uzanacaq və əsasən İranla bağlı proseslər başa çatanadək gərgin həddə davam edəcək. İsrailin hədəfinin İrandan sonra Türkiyə olması ehtimalına rəğmən indidən Türkiyənin müttəfiqi olan Pakistanı sarsıtmaq məqsədi güdülür. Əfqanıstanda normal və etibarlı dövlət qurulmayıb, ABŞ və digər Qərb ölkələrinin, həmçinin İsrailin kəşfiyyatı münbit şəraitdə orada fəaliyyətdədir və bu mənada Əfqanıstanı Pakistan yaxud digər müsəlman ölkəsinə qarşı təktik etmək o qədər də çətin deyil. İrana qarşı hərbi əməliyyatlara start verilərsə, dini liderlərin cihad fətvasına rəğmən Pakistandan İrana müəyyən dəstəyin qarşısını almaq, eyni zamanda bu ölkəyə müdaxilə üçün əsas yaratmaq üçün məlum proseslərə start verdilər. Yalnız Türkiyənin və digər müsəlman ölkələrin siyasi müdaxiləsi bu müharibənin qarşısını ala bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
olaylar.az

1Sources