EN

İran-ABŞ qarşıdurmasında pərdəarxası: Nüvə proqramı hədəf deyil, bəhanədir? – ÖZƏL

"Amerika Birləşmiş Ştatları başda olmaqla İran əleyhinə müəyyən koalisiya mövcuddur. Bu koalisiya uzun müddətdir ki, İranı iqtisadi və siyasi sanksiyalara məruz qoyaraq onu dünya iqtisadi və siyasi sistemindən təcrid etməyə çalışır. Məqsəd İranın sosial vəziyyətini gərginləşdirmək, xalqla hakimiyyət arasında qarşıdurma yaratmaq və nəticədə ölkədə inqilabi situasiya formalaşdırmaqdır. Lakin uzun illərdir tətbiq olunan bu ssenari özünü doğrultmur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, İranla Amerika arasında gərginlik İran İslam İnqilabından sonra meydana çıxmış problemdir. ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişmək və özünə uyğun siyasi hakimiyyət formalaşdırmaqdır. Bu strategiya ABŞ-də hansı siyasi qüvvənin - istər Respublikaçılar Partiyası, istərsə də Demokratlar Partiyası - hakimiyyətdə olmasından asılı olmayaraq davam edir. Sadəcə taktiki gedişlər və tətbiq olunan üsullar dəyişir. Donald Trampın hakimiyyətə gəlməsi ilə yeni situasiya yarandı. Tramp dövründə İrana qarşı daha aqressiv siyasət yürüdüldü. Uranın zənginləşdirilməsi məsələsi əsas səbəb kimi təqdim olunsa da, bu, yalnız bir bəhanə kimi qiymətləndirilir. ABŞ müxtəlif əsaslarla İrana təzyiq göstərməyə və zərbələr endirməyə çalışır.
Xatırlatmaq yerinə düşər ki, 12 günlük hərbi əməliyyat zamanı ABŞ və İsrail birgə hərbi addımlar atmış, bəyanatlarında İranda hakimiyyət dəyişikliyinə nail olacaqlarını bildirmişdilər. Lakin bu cəhd uğursuzluqla nəticələndi və hakimiyyət dəyişmədi. Sonrakı mərhələdə sosial narazılıq mövzusu gündəmə gətirildi. Tramp bəyan edirdi ki, əgər İran dövləti dinc əhaliyə qarşı zor tətbiq edərsə, ABŞ hərbi zərbələr endirəcək. Bu isə Vaşinqtonun hərbi müdaxilə üçün əsas axtardığı qənaətini gücləndirirdi.

Sual yaranır: əgər uranın zənginləşdirilməsi təhlükəlidirsə, niyə ABŞ və İsraildə mövcuddur? Yox əgər bu, normal və qanuni prosesdirsə, niyə İrana qadağan edilməlidir? 

ABŞ uranın zənginləşdirməsini İrana qarşı bəhanə kimi istifadə edir. İranın qəbul etməyəcəyi şərtləri təklif edərək danışıqların nəticəsiz qalmasını təmin edir. Bu baxımdan ABŞ ikili siyasət yürüdür: bir tərəfdən hərbi kontingentini İran körfəzi ətrafında cəmləşdirərək güc nümayiş etdirir, digər tərəfdən isə dialoq təşəbbüsü irəli sürür. Dialoq çərçivəsində yalnız uranın zənginləşdirilməsinin məhdudlaşdırılması deyil, həm də uzaqmənzilli raket istehsalının dayandırılması, Çinə xam neft satışının məhdudlaşdırılması kimi ağır şərtlər irəli sürülür. İran isə rəsmi şəkildə bəyan edir ki, uranın zənginləşdirilməsi yalnız dinc məqsədlər üçün nəzərdə tutulur və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Rəsmi Tehran istənilən beynəlxalq komissiyanın gəlib bu prosesi yoxlaya biləcəyini bildirir. 
Məsələnin digər tərəfi isə İranın müttəfiqləridir. Rusiya və Çin İranla strateji əməkdaşlıq edir. Bu yaxınlarda İran körfəzində bu üç dövlət birgə hərbi təlimlər keçirib. Bu, bir növ ABŞ-yə mesaj və güc nümayişi kimi qiymətləndirilir. Əgər mümkün hərbi əməliyyat zamanı Rusiya və Çin İrana dəstək versə, bu, ABŞ üçün ciddi risk yarada və əməliyyat fiasko ilə nəticələnə bilər. Bu səbəbdən ABŞ həm dialoq görüntüsü yaradır, həm də vaxt qazanaraq İranın müttəfiqlərinin mövqeyini yoxlamağa çalışır. Eyni zamanda, beynəlxalq ictimaiyyət qarşısında İranı kompromisdən yayınan tərəf kimi təqdim etməyə cəhd edir.

A. Məsiyev qeyd edib ki, ABŞ-nin keçmiş təcrübəsi də tez-tez müqayisə üçün göstərilir. Məsələn, İraqın işğalı zamanı kütləvi qırğın silahları ilə bağlı iddialar irəli sürülmüş, sonradan bu məlumatların yanlış olduğu etiraf edilmişdi. Həmin əməliyyat nəticəsində yüz minlərlə insan həyatını itirmiş, ölkə böyük dağıntılara məruz qalmışdı. Bu fakt ABŞ siyasətinə qarşı etimadsızlığı artıran amil kimi təqdim olunur.
Oxşar yanaşma Venesuela məsələsində də göstərilir. Prezident Nikolás Maduroya qarşı irəli sürülən ittihamlar və ölkənin neft siyasətinə təsir cəhdləri bu kontekstdə qeyd olunur. Bütün bunların fonunda belə bir qənaət irəli sürülür ki, uranın zənginləşdirilməsi məsələsi əsas məqsəd deyil, daha geniş strateji planın tərkib hissəsidir. Bu plana görə, Vaşinqton İranda özünə uyğun hakimiyyət formalaşdırmaqla üç istiqamətdə üstünlük qazanmaq istəyir:
Birincisi, Çinə enerji axınını məhdudlaşdırmaq. İran neftinin böyük hissəsi Çinə satılır və bu, Pekin üçün mühüm enerji mənbəyidir. İkincisi, Rusiyanın cənub istiqamətdə mövqelərini zəiflətmək və Şimal-Cənub nəqliyyat dəhlizinin effektivliyini azaltmaq. Üçüncüsü isə regionda güc balansına təsir göstərmək. Bu kontekstdə Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi perspektivi və türk dövlətlərinin mümkün inteqrasiyası məsələsi də strateji hesablamalar çərçivəsində qiymətləndirilir.

"Belə fikir irəli sürülür ki, ABŞ-nin əsas məqsədi İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Dialoq təşəbbüsləri isə daha çox taktiki xarakter daşıyır və vaxt qazanmağa, beynəlxalq mövqe formalaşdırmağa xidmət edir. Eyni zamanda qeyd olunur ki, yalnız hava zərbələri ilə İranda hakimiyyət dəyişikliyinə nail olmaq çətin görünür. Quru əməliyyatı olmadan belə nəticə əldə etmək real deyil və bu isə böyük regional və qlobal risklər yaradır.
Beləliklə, hazırda aparılan danışıqlar, o cümlədən Cenevrə platformasında müzakirələr, daha çox siyasi və diplomatik manevr xarakteri daşıyır. Strateji hədəfin isə İranda hakimiyyət dəyişikliyi olduğu iddia olunur", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources