EN

Prezidentin mesajları: “Mübarizənin siyasi, hüquqi və mənəvi yekunu idi”

“Möhtərəm cənab Prezident İlham Əliyevin Xocalı soyqırımı Memorial Kompleksinin açılışında səsləndirdiyi fikirlər 30 ildən artıq davam edən mübarizənin siyasi, hüquqi və mənəvi yekunu idi”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dövlət başçısının “Ədaləti biz özümüz təmin etdik” mesajı Azərbaycan tarixinin ən mühüm həqiqətlərindən birini ifadə edir:


“Xocalı faciəsi illərlə beynəlxalq aləmdə susqunluqla və ya ikili standartlarla qarşılandı. Biz ədalət tələb edirdik, ancaq biganəlik görürdük. Buna baxmayaraq, Azərbaycan dövləti nə yaddaşından vaz keçdi, nə də hüquqi mübarizəsindən geri çəkildi. 
Möhtərəm cənab Prezidentin çıxışında bir neçə əsas məqam xüsusi diqqət çəkir. Birincisi, Xocalı soyqırımının məsuliyyətinin açıq şəkildə Ermənistan dövlətinin üzərinə qoyulması və bunun siyasi-hüquqi qiymətinin verilməsi. İkincisi, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətinin vurğulanmasıdır”. 

Millət vəkili qeyd edib ki, sözügedən kampaniyanın ideya müəllifi və əsas təşəbbüskarı Leyla Əliyeva olub:
“Leyla Əliyevanın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində konfranslar, sərgilər, təqdimatlar, simpoziumlar keçirildi, kitablar və məlumat materialları nəşr edildi. Bu  ədalət uğrunda sistemli və uzunmüddətli mübarizə idi. Üçüncüsü və ən vacibi tarixi ədalətin praktiki şəkildə bərpasıdır. 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ilin antiterror əməliyyatı və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ölkə başçımızın illərlə səsləndirdiyi iradənin real nəticəsidir. Bütün bunlar hərbi, hüquqi və mənəvi Zəfərdir”.

Günay Ağamalı diqqətə çatdırıb ki, Memorial Kompleksin məhz Xocalıda açılması dərin rəmzi məna daşıyır:
“Memorial Kompleks qayıdışın və ləyaqətin simvoludur. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclüdür, öz suverenliyini tam təmin edib və heç bir təzyiq qarşısında əyilməyən siyasi iradəyə malikdir. Xocalı qan yaddaşımızdır. Amma bu yaddaş artıq yalnız kədər üzərində qurulmur. 

Bu yaddaş güc, birlik və ədalət üzərində qurulur. Azərbaycan xalqı 30 il səbrlə, inamla gözlədi və nəticədə həm torpaqlarını azad etdi, həm də ədaləti təmin etdi. Azərbaycan xalqı Şəhidlərimizin xatirəsini əbədi yaşadacaqdır. Onların ruhu qarşısında borcumuz güclü dövlətimizi daha da möhkəmləndirmək, daim ayıq olmaq və tariximizi heç vaxt unutmamaqdır”.

Elmir Mustafa

Chosen
16
hit.az

1Sources