EN

“Hizbullah”ın İranla bağlı qərarı: Xameneyiyə arxadan vurulan zərbə

Yaxın günlərdə ABŞ-nin İrana hərbi müdaxiləsi ehtimalı baş tuta bilər.

Deyilənlərə görə, artıq müdaxilə planında İrandakı bir çox hədəflər müəyən edilib. Ən maraqlısı isə Qərbdəki bəzi mənbələr iddia edir ki, Tramp administrasiyası İranın Ali Lideri Ayətullah Əli Xameneyinin öldürülməsini nəzərdən keçirir.

Donald Trampın müşavirləri ABŞ-nin İranı bombalayacağına əmindirlər. Başqa bir mənbəyə görə, ABŞ Tehranın nüvə obyektlərinə də zərbələr endirməyi düşünür.

“Politico” nəşrinin məlumatında qeyd olunur ki, hazırkı administrasiyaya yaxın olan şəxslər İsrailin İrana ilk zərbəni endirməsinin ABŞ üçün daha sərfəli olacağına inanırlar.

Onların fikrincə, mümkün İsrail hücumu Vaşinqtona münaqişəyə girmək üçün bəhanə verəcək. “Administrasiya daxilində və ətrafında İsrailin ilk zərbəni endirməsinin siyasi cəhətdən sərfəli olacağı və iranlıların da eyni şəkildə cavab verəcəyi və bizə hərəkət etmək üçün daha çox stimul verəcəyi barədə bir fikir var”, - mənbələrdən biri qəzetə bildirib. 

Bundan başqa, son 40 ildə İran hakimiyyəti tərəfindən himayə olunan “Hizbullah” barədə də məlumat var. “Hizbullah”ın adı çəkilməyən rəsmisi AFP-yə bildirib ki, ABŞ-nin İrana məhdud hücumları olarsa, “Hizbullah” hərbi əməliyyatlara müdaxilə etməyəcək.

Bəs Xameneyinin öldürülməsi sistemi çökdürəcək?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Xameneyinin öldürülməsi İranın dini-siyasi rəhbərliyində ciddi boşluq yarada bilər, amma sistemin çökməsi qeyri-mümkün görünür:

“Xameneyinin aradan qaldırılması, əlbəttə, İranın siyasi quruluşunda ciddi dəyişikliklərə səbəb ola bilər. Lakin bu, İranın problemini birdəfəlik həll etmək anlamına gəlməz. 

Seyyid Əli Xameneyi, yalnız bir şəxsin deyil, İranın ideoloji və siyasi sisteminin mərkəzində duran bir fiqurdur. Onun devrilməsi, şübhəsiz ki, ölkənin liderlik strukturlarında bir boşluq yaradacaq, amma bu boşluq, başqa bir şəxs tərəfindən asanlıqla doldurula bilər”.

R.Bayramov əlavə edib ki, İranın siyasi sistemi, yalnız Xameneyi ətrafında deyil, mühafizəkar qurumların və təhlükəsizlik orqanlarının, xüsusilə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əli ilə idarə olunur: 

“Bu sistemin özü, bir neçə liderin varlığına və kollektiv idarəetmə prinsiplərinə əsaslanır. Odur ki, Xameneyinin aradan qaldırılması prinsipcə elə də böyük dəyişiklilərə səbəb olmaz, çünki ölkənin təhlükəsizlik strukturları və ideoloji bazası hələ də eyni olaraq qalacaq.

İranın siyasi sistemində fundamental bir dəyişiklik yaratmaq üçün, daha geniş və sistematik bir yanaşma tələb olunur. Bu, sadəcə Xameneinin devrilməsi ilə həll ediləcək bir məsələ deyil”. 

“Hizbullah” İrana xəyanət edə bilər?

Onun sözlərinə görə, hərbi müdaxilə halında proksi qüvvələrin hərəkətlənməsi müşahidə olunacaq:

“Hizbullah”ın rəsmisinin hərbi əməliyyatlara müdaxilə etməyəcəyi ilə bağlı bəyanatı səssiz bir təmkinlik və diplomatik yöndən verilmiş mesajdan başqa bir şey deyil. Çünki “Hizbullah” yalnız İranın strateji müttəfiqi deyil, həm də onun bölgədəki ən əhəmiyyətli hərbi və ideoloji tərəfdaşıdır.

Təşkilatın mövcudluğu və fəaliyyətləri, əsasən, İranın dəstəyi ilə həyata keçirilir. Buna görə də “Hizbullah”ın ABŞ-yə qarşı hərbi əməliyyatlarda iştirak etməməsi, çox inandırıcı bir ehtimal kimi görünmür. “Hizbullah” regiondakı hərbi münaqişələrə müdaxilə etməyə hazır olacaq, xüsusən də İrana qarşı olan bir müdaxilə baş verərsə. 

“Hizbullah” öz siyasi və hərbi varlığını yalnız İranın dəstəyi ilə davam etdirir. Bunları nəzərə alaraq, “Hizbullah”ın İrana qarşı hər hansı bir xəyanət və ya satqınlıq etməsinin qeyri-mümkün olduğunu deyə bilərik.

Əksinə, təşkilat öz mövqeyini gücləndirmək və İranla olan ittifaqını qorumaq üçün hərbi əməliyyatlara daxil olacaq”. 

Chosen
3
1
cebheinfo.az

2Sources