EN

Yaddaş və ədalətin zəfəri ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bəzi tarixlər sadəcə təqvimdə bir gün deyil, yaddaşa yazılmış ağrıdır. Xocalı qətliyamı həmin tarixlərdəndir.Tarixi ağrılı səhifələrdən ibarət oldu Xocalının. 1992-ci ilin 26 fevral gecəsi Xocalı təsəvvür edilə bilməyən faciə ilə üzləşdi. Yüzlərlə günahsız insan amansız düşmən hücumuna məruz qaldı. Uşaqlar, qadınlar, yaşlılar insanlıqdan uzaq qəddarlıqla hədəf alındı. Həmin gecə Xocalıda baş verənlər təkcə bir şəhərin taleyi olmaqdan çıxıb, Azərbaycanın tarixində dərin bir iz buraxdı. Adi hərbi əməliyyat deyildi Xocalı soyqırımı. Məqsədli şəkildə mülki əhaliyə qarşı törədilmiş kütləvi qətliyam idi. Həmin gecə insanlıq sınağa çəkildi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım siyasətinin ən qanlı səhifələrindən biri kimi tarixə yazıldı. Xocalı həqiqətlərini xatırlayıb yaşatmaq ədalət və insanlıq üçün birlik olmaq deməkdir. “Xocalıya Ədalət!” demək, Xocalı qurbanlarının xatirəsinə hörmət, gələcək nəsillər qarşısında məsuliyyətdir.

Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Lider Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir. Erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasına yazılı müraciət etmişdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il 26 fevral "Xocalı soyqırımı günü" kimi yad olunmasına qərar verildi. Beynəlxalq təşkilatlara Xocalı həqiqətlərinin çatdırılması, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Bu kampaniya Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün bir platformaya çevrildi. “Xocalıya Ədalət!” kampaniyasının məqsədi Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin məlumatlılığını artırmaq, Xocalı qurbanlarını xatırlamaq və bu faciənin unudulmamasını təmin etməkdir. İllər keçdi. Azərbaycan xalqı ədalətin bərpa olunacağına inamını heç vaxt itirmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu inamın nəticəsi oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası alındı. İşğala son qoyuldu, ölkənin ərazi bütövlüyü bərpa edildi. Xocalı şəhəri 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 15 oktyabrda Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xocalıda Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha bütün dünyaya çatdırdı. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndi, Xocalı və işğaldan azad edilmiş torpaqlarda Dövlət Bayrağını ucaltması tarixi qələbənin və suverenliyin rəmzi olaraq tanındı. Bu, ölkənin 30 il davam edən işğaldan sonra öz ərazi bütövlüyünü bərpa etməsini, azərbaycanlıların qələbə və qürur hissini simvolizə edən an olaraq tarixə yazıldı. Dünya ictimaiyyəti də bu tarixi addıma öz reaksiyasını bildirdi. Xüsusilə Xocalı aeroportunda Azərbaycanın Dövlət Bayrağının ucaldılması Azərbaycanın suverenliyi və regiondakı dəyişikliklərə doğru addım kimi dəyərləndirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara hər bir səfəri, Qarabağın bərpası və gələcək inkişafı üçün hədəflənən strateji addımların bir hissəsidir. Həyata keçirilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, bölgənin gələcək inkişafının təməlini qoymaqla yanaşı, həm də beynəlxalq aləmdə Azərbaycan dövlətinin gücünü və sülhsevər siyasətini nümayiş etdirir. Eyni zamanda Qarabağın gələcəyini daha güclü və dayanıqlı etmək baxımından böyük əhəmiyyət kəsb edir. Ölkə başçısının işğaldan azad edilmiş torpaqlara hər bir səfəri Qarabağın gələcək inkişafına yönəlmiş strateji siyasətin tərkib hissəsidir. Qarabağın daha güclü və dayanıqlı gələcəyi məhz bu ardıcıl və məqsədyönlü siyasət üzərində qurulur.Bu proses təkcə quruculuq deyil, həmçinin Azərbaycanın gücünü, suverenliyini və sülhə əsaslanan siyasətini nümayiş etdirən mühüm mərhələdir. Bu gün Xocalı yalnız faciə ilə xatırlanmır. Xocalının adı bərpa olunmuş ədalət və qazanılmış Qələbə ilə birlikdə çəkilir. Xocalıda dalğalanan bayraq – susmayan yaddaşın, sınmayan iradənin və qazanılmış Qələbənin ifadəsidir.

Məhsəti Məmmədova

YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
sesqazeti.az

1Sources