Pakistan və Əfqanıstan arasında toqquşmalar yenidən başlayıb. Metbuat.az xəbər verir ki, Əfqanıstan Pakistanın hərbi obyektlərinə qarşı əməliyyat başlatdığını bəyan edib. Bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid açıqlama verib. Onun sözlərinə görə, Pakistanın son hücumlarına cavab olaraq, sərhəddə yerləşən Durand xətti boyunca Pakistan hərbi obyektlərinə qarşı hərtərəfli əməliyyatlar başladılıb. Zəbihullah Mücahid sərhəddə Pakistana məxsus bir neçə məntəqənin ələ keçirildiyini irəli sürüb. Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Pakistana qarşı qisas tədbiri çərçivəsində sərhəd boyunca Xost, Paktiya, Nuristan və digər ərazilərdə əməliyyatlar davam edir. Pakistan hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.