EN

Tarixin yaddaşında donan gecə: Xocalının ağrısı hələ də qəlblərdə yaşayır

Bakı, 26 fevral, Göyçək Mahmudlu, Səfiyar Məcnun, Şövqi Əzizov, Mirrəsul Cəfərov, AZƏRTAC

1992-ci ilin o şaxtalı fevral gecəsində Xocalı sanki zamanın yaddaşında donub qaldı. Qaranlığı yaran güllə səsləri, yarımçıq qalan ümidlər, ərşə qalxan ah-nalə. O gecə heç kim bu vəhşətdən xilas ola bilmədi. Həmin faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi tarixə düşdü. Aradan illər keçsə də, Xocalının ağrısı hələ də qəlblərdə yaşayır.

AZƏRTAC-ın müxbirləri “Ana harayı” abidə kompleksini ziyarət edən insanlarla həmsöhbət olublar.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri Cəbi Bəhramov Azərbaycan xalqı var olduqca Sovet Rusiyasının Azərbaycan xalqına qarşı törətdiyi bu cinayətin unudulmayacağını qeyd edib: “Bu cinayətin kökü 1801-ci ildən başlayır. Onlar birinci hərbi cinayəti 1803-1804-cü illərdə Gəncədə əhaliyə qarşı törətdilər. Həmin hücum zamanı Cavad xan öldürüldü. İkinci cinayət 1806-cı il mayın 27-də törədildi və İbrahimxəlil xan, aralarında 12 yaşlı uşaq olmaqla 32 ailə üzvü birlikdə bir gecədə hərbçilər tərəfindən qətlə yetirildi. Xocalı soyqrımı imperiyanın törətdiyi son cinayətlərdən biri idi. 34 il əvvəl ümumi hərbi kontingenti 1890 nəfərdən ibarət olan 366-cı alay Azərbaycan xalqına qarşı qətliam törətdi. Arzum budur ki, həmin faciəni törədən Rusiya ordusunun zabitləri başda olmaqla, Köçəryan, Petrosyan, Sarkisyan və digər cinayətkarlar həbs olunsun və ədalət qarşısında cavab versin. Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad etdik. Həmin cəlladları cəzalandırmaqla qisasımızı tam almış olacağıq”.

27 nömrəli məktəbin 5-ci sinif şagirdi Məryəm Hüseynzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının çox böyük bir faciə yaşadığını və Xocalı soyqırımını heç zaman unutmayacağını deyib: “Çox sevnirik ki, Ordumuz Xocalını azad etdi. Xocalı sakinləri indi öz evlərinə qayıdırlar. Həmin faciədə əli olanlar isə cəzalandırılırlar”.

İtkin şəhid Talış Hümbətovun qızı Qəmər Bayramova atasının fevralın 25-dən 26-na keçən gecə Xocalıda şəhid olduğunu deyib: “Biz Xankəndidənik. Atamgilin evini ermənilər yandırdığına görə Xocalıya köçmüşdük. O gecə atamla bacım gecə evdən bir yerdə çıxıblar. Bacım Sevda üç gün meşədə qalıb. Onun qayınlarının ikisi yaralanıb. Biri şəhid olub, birinin ayaqlarını kəsiblər. Atam isə həm itkindir, həm də şəhid. Çox şükür ki, uzun illərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı azad etdi. Şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirəm. Hazırda mən Xankəndidə yaşayıram. Atamın da nəşinin qalıqlarının tapılmasını çox istəyirəm. Bilərdik ki, atamızın da məzarı var. Təsəllini “Ana harayı” abidəsindən alırıq”.

Vətən müharibəsi qazisi Ramil Şirinov isə bu gün xalqımızın alınaçıq olaraq Xocalı abidəsini ziyarət edə bildiyini deyib: “Bu acını heç vaxt unuda bilmərik, orada bizim körpələrimiz, analarımız, bacılarımız şaxtalı havada işgəncələrə məruz qalaraq qətlə yetiriliblər. Həmin terrorçular Azərbaycana gətirildi və qanun qarşısında cavab verdilər. Düşmənlər bilsinlər ki, nəinki torpağımızı, suyumuzu, havamızı belə onlara vermərik”.

Chosen
14
1
azertag.az

2Sources