EN

Xocalı sakini: Biz hər gün, hər an o doğma torpaqlara qayıtmağın xəyalı ilə yaşadıq

Zaqatala, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xocalı soyqırımı təkcə bir tarix deyil, bu, həm də göz yaşı, fəryad, yarımçıq qalan talelərdir. O gecə qaranlıq yalnız səmanı bürüməmişdi, insanlığın üzərinə çökmüşdü. Körpələrin donmuş nəfəsi, anaların ümid dolu baxışlarının sönməsi, ataların son gücü ilə ailəsini qorumağa çalışması - bunların hər biri millətimizin yaddaşına əbədi həkk olundu.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zaqatala rayonunda məskunlaşan Xocalı sakini Vasif Allahverdiyev söyləyib.

Xocalı hadisələri zamanı onun 8 yaşı olub. Soyqırımı ərəfəsində ailəsində, yaxın qohumlarında olan qadınları, uşaqları təhlükəsizlik məqsədilə Şuşanın Turşsu kəndində yerləşdiriblər. Atası Vaqif Allahverdiyev, əmisi İsmixan Allahverdiyev və digər qohumları isə şəhərin müdafiəsi üçün orada qalıb, könüllülərdən ibarət batalyonun tərkibində döyüşlərdə iştirak ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən soyqırımı zamanı atası yaralanıb, əmisi və yaxın qohumlarının bəziləri şəhid olublar.

Həmin dəhşətli günləri göz önünə gətirən Vasif deyib: “O gecə Xocalıda təkcə insanlar öldürülmədi, xəyallar, gələcək öldürüldü, bir şəhərin nəfəsi kəsildi. Günahsız insanların üzərinə açılan atəşlər, amansızlıqla törədilən vəhşiliklər tarixə qara hərflərlə yazıldı. Bu faciə bütün bəşəriyyətin utancıdır. İnsan olan heç kəs belə vəhşiliyə susmamalı idi. Bu ağrının ardınca başlayan yol isə daha uzun, daha ağır oldu. Öz doğma yurdlarından didərgin düşən xocalılılar illərlə məcburi köçkün həyatı yaşadılar. Hər biri öz evinin açarını qoruyub saxladı, bir gün qayıdacaqları ümidi ilə... Çünki ev sadəcə divarlar deyil, ev xatirələrdir, uşaqlıqdır, doğmalıqdır. O evlərin qapıları bağlı qalsa da, o ümidlərin qapısı heç vaxt bağlanmadı.

Amma bütün bunların içində ən böyük sınaq zaman idi. İllərlə davam edən həsrət, hər bayramda, hər xüsusi gündə ürəklərdə bir boşluq. “Kaş ki, doğma torpağımızda olaydıq” deyə başlayan saysız dualar... Biz xocalılılar hər gün, hər an o torpaqlara qayıtmağın xəyalı ilə yaşadıq. Bu ümid bizi ayaqda saxladı, bu inam bizi sındırmadı. Biz itirmədik - nə yaddaşımızı, nə kimliyimizi, nə də Vətən sevgisini. Sonda tarix öz ədalətini göstərdi”.

Həmsöhbətimiz bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz gücünü, birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə sadəcə torpaqların azadlığı deyildi. Bu, həm də illərlə çəkilən ağrının, həsrətin, göz yaşının cavabı idi. Bu, şəhidlərin qanı ilə yazılan bir Zəfər idi. Bu Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandanın qətiyyəti, sarsılmaz iradəsi, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz şücaəti həlledici rol oynayıb.

“Xocalıya gedən yol artıq açılıb. Bu, hər bir azərbaycanlının qəlbində qürurla daşınan bir həqiqətdir. Bu gün biz yalnız ağlamırıq, həm də başımızı uca tuturuq. Çünki ədalət gec də olsa, yerini tapıb, o torpaqlar artıq sahibinə qayıdıb. Bu qayıdışın arxasında isə böyük bir fədakarlıq dayanır”,- deyə Xocalı sakini vurğulayıb.

Həmsöhbətimiz qeyd edib ki, bu gün biz yalnız Qələbəni deyil, həm də milli birliyimizi, gücümüzü və əyilməz ruhumuzu qeyd edirik. Bu gün Xocalının adı çəkiləndə yalnız kədər yox, həm də qürur hissi doğur. Çünki Xocalı yalnız faciə ilə deyil, həm də dözüm, səbir və inamla xatırlanır. O insanlar ki illərlə gözlədi, amma ümidini itirmədilər - bu gün onların gözlərində yenidən həyat işığı yanır.

Vasif Allahverdiyev deyib: “İndi isə hamı bir günə baxır... O günə ki, Xocalının küçələrində yenidən uşaq səsləri eşidilir. O günə ki, yarımçıq qalan həyat hekayələri yenidən yazılır, o evlərin qapıları yenidən açılır, o ocaqlarda yenidən həyat qaynayır. Hər kəsin ürəyində bir yol var - o yol Xocalıya aparır. Bu qayıdış təkcə fiziki dönüş deyil, bu, ruhun, yaddaşın, kimliyin qayıdışıdır. Xocalı yaşayır, Xocalı unudulmur, Xocalı qayıdır. Bu qayıdış yalnız bir şəhərin deyil, bir xalqın qürurunun, səbrinin və sarsılmaz ümidinin qələbəsidir”.

Chosen
14
1
azertag.az

2Sources