EN

Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir

 Xocalı soyqırımı Azərbaycan xalqının tarixində silinməz iz qoyan ən ağır və faciəli hadisələrdən biridir.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edib dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 613 nəfər qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl insan idi. Yüzlərlə sakin yaralandı, 1275 nəfər girov götürüldü, 487 nəfər şikəst edildi, 150 nədər itkin düşdü. Şəhər tamamilə dağıdıldı. Bu hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, dinc əhaliyə qarşı yönəlmiş ağır müharibə cinayəti və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.

Xocalı faciəsinə dövlət səviyyəsində geniş siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Heydər Əliyev Xocalı hadisələrini soyqırımı kimi dəyərləndirərək bunun insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu bəyan etdi və faciənin beynəlxalq miqyasda tanıdılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Ulu Öndərin təşəbbüsü ilə faktların toplanması, sənədləşdirilməsi, dünya ictimaiyyətinə çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli fəaliyyət başladı.

Prezident İlham Əliyev tərəfindən bu siyasi xətt ardıcıl şəkildə davam etdirildi və daha da gücləndirildi. Dövlət başçısı beynəlxalq tribunalardan Xocalı həqiqətlərini daim gündəmə gətirərək bu faciəyə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğuladı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Qarabağda Azərbaycanın suverenliyi tam təmin edildi və digər ərazilərlə yanaşı, Xocalı şəhəri də azad olundu. Prezident İlham Əliyevin Xocalıya səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması tarixi ədalətin bərpasının rəmzi oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm layihələr həyata keçirib. Fond tərəfindən müxtəlif ölkələrdə anım tədbirləri, sərgilər, konfranslar təşkil olunub, nəşrlər hazırlanıb, abidələr ucaldıldılıb və humanitar təşəbbüslər reallaşdırılıb. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildə başladığı “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində geniş maarifləndirmə işi aparılıb, nəticədə 18 ölkənin parlamenti və ABŞ-nin 24 ştatı Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanıyıb. Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymət verilməsi beynəlxalq təşkilatların və dünya dövlətlərinin mənəvi borcudur. Bu, həm də beynəlxalq hüququn aliliyinin təmin olunmasına xidmət edir. İnanırıq ki, ədalət gec-tez zəfər çalacaq.

Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı hüquqi müstəvidə ardıcıl və prinsipial fəaliyyət davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi çərçivəsində Xocalı soyqırımının təşkilində və icrasında iştirak etmiş şəxslər barəsində ittihamlar irəli sürülüb, onlar beynəlxalq axtarışa verilib. 2023-cü ildən sonra saxlanılan separatçı rejim nümayəndələri və silahlı birləşmələrin rəhbərləri barəsində terrorçuluq, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və digər ağır maddələr üzrə cinayət işləri açılıb. Məhkəmə prosesləri qanunvericiliyə uyğun və ədalətli şəkildə aparılıb, təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilib. Aparılan məhkəmə araşdırmaları nəticəsində Xocalı soyqırımı və digər ağır cinayətlər üzrə məsuliyyət daşıyan bəzi şəxslər məhkəmə məsuliyyətinə cəlb olunub, barələrində ittiham hökmləri çıxarılıb və törətdikləri cinayətlərin ağırlığına uyğun layiqli cəzalara məhkum ediliblər. Bu hökmlər tarixi həqiqətlərin hüquqi müstəvidə təsdiqi və ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Hüquqi proseslər davam edir və bu cinayətlərdə iştirak etmiş bütün şəxslərin qanun qarşısında cavab verməsi istiqamətində işlər aparılır.

Azad Xocalıda bu gün genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq şəhərin Baş planı hazırlanıb, müasir şəhərsalma prinsipləri əsasında infrastrukturun qurulmasına başlanılılıb. Dağıdılmış yaşayış binalarının yerində yeni evlər tikilir, yollar, elektrik, su və qaz xətləri çəkilir, sosial obyektlər – məktəblər, uşaq bağçaları, tibb məntəqələri və inzibati binalar inşa olunur. Ərazi minalardan təmizlənir, təhlükəsizlik və dayanıqlı inkişaf prinsipləri əsas götürülür.

Bununla paralel olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli və planlı şəkildə köçürülməsi siyasəti həyata keçirilir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə 881 ailə və ya 3602 nəfər köçürülüb. Qayıdan ailələr üçün müasir və rahat yaşayış şəraiti yaradılır, məşğulluq proqramları tətbiq olunur, kənd təsərrüfatı və sahibkarlığın inkişafı üçün imkanlar formalaşdırılır. Dövlət tərəfindən sosial dəstək mexanizmləri təmin olunur ki, insanlar öz doğma yurdlarında dayanıqlı və təhlükəsiz həyat qura bilsinlər. Bu proses yalnız fiziki köç deyil, həm də sosial-iqtisadi reinteqrasiya və həyatın tam bərpası deməkdir.

Beləliklə, Xocalı bu gün həm böyük faciənin, soyqırımın, həm də tarixi ədalətin və dirçəlişin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir, Mehriban Əliyeva və Leyla Əliyevanın fəaliyyəti ilə beynəlxalq miqyasda dəstəklənir. Hüquqi proseslərin aparılması, təqsirkarların cəzalandırılması, azad edilmiş torpaqlarda geniş quruculuq işləri və “Böyük Qayıdış” siyasəti bir məqsədə xidmət edir, Xocalı həqiqətlərinin unudulmaması və ədalətin tam bərqərar olunması.

2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı qurbanlarının xatirəsi daim ehtiramla anılır. Azad Xocalıda yenidən qurulan həyat isə xalqımızın iradəsinin, dövlətimizin gücünün və ədalətə sadiqliyinin parlaq təcəssümüdür.


 Vasif Qafarov

Milli Məclisin deputatı,

Tarix elmləri doktoru

Chosen
2
1
manset.az

2Sources