EN

“RUSİYA İLƏ SƏNƏD İMZALAYAN BAKI ÖZ MƏQSƏDLƏRİNƏ ÇATDI” “O zaman bizim həm “A”, həm də “B” planımız var idi...”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“MDB və Avropa Şurasından çıxmaq üüçün ən azı nəzəri hazırlıq aparılıb”

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumu, perspektivi, eləcə də regionda baş verən digər hadisələrlə bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Fərhad bəy, biz dörd il əvvəl bu günlərdə Moskvada Prezident İlham Əliyev və Prezident Putin arasında Qarşılıqlı Yardım və Müttəfiqlik Haqqında Bəyannamənin imzalanmasını xatırlayırıq. Bu gün Azərbaycanı və Rusiyanı müttəfiq saymaq olarmı? Ümumiyyətlə, bu sənəd dövlətlərarası münasibətlərdə işləkdirmi?

- Hal-hazırda dövlətlər arasında münasibətlər elə bir səviyyədədir ki, imzalanan sənədlər bir yana, əsas məsələ onları real məzmunla doldurmaqdır. Yəni həmin sənədlərə konkret məna vermək vacibdir. ABŞ-nin NATO çətiri altında olan müttəfiqləri ilə münasibətlərinə baxın. Digər tərəfdən, Azərbaycanın Türkiyə ilə münasibətlərinə nəzər salın. Bu münasibətlər zamanın sınağından keçmiş münasibətlərdir. Rusiya ilə imzalanan bəyannaməyə nəzər yetirsək, onun tarixinə diqqət etməliyik. Çünki əvvəl Türkiyə ilə bəyannamə imzalandı və həmin sənəd parlamentlər tərəfindən ratifikasiyadan keçdi.

- Şuşa Bəyannaməsi.

- Bəli, Şuşa Bəyannaməsi. Amma Rusiya ilə imzalanan bəyannamə hələlik yalnız prezidentlər səviyyəsində qəbul olunmuş sənəddir. Rusiya ilə imzalanan sənəd münasibətlərə hər hansı ciddi əlavə yenilik gətirmədi. Sanki mövcud münasibətləri reqlamentləşdirdi, onları müəyyən formaya saldı. Əlbəttə, Azərbaycan bu dövr ərzində bir çox tənqidlərlə də üzləşdi. Xüsusilə də belə suallar səsləndirilirdi ki, nə üçün Ukraynaya qarşı işğal başlamazdan iki gün əvvəl bu sənəd imzalandı. Amma həmin tənqidçilərə cavab olaraq qeyd etmək lazımdır ki, dörd il bundan əvvəl, Rusiya ilə sənəd imzalanmamışdan öncə Azərbaycan Prezidenti yanvarın 13-14-də Ukraynaya səfər etmişdi və orada strateji tərəfdaşlıq sənədi imzalanmışdı. Həmin sənədə əsasən Azərbaycan və Ukrayna iqtisadi və siyasi sahələrdə əməkdaşlıq etməli, sərmayə yatırmalı idilər. Yəni Azərbaycan o dövrdə də bu istiqamətdə siyasətini balanslaşdırmağa çalışırdı. Rusiyaya gəldikdə isə, çox sadə suallar vermək lazımdır: Rusiya bizdən nə istəyirdi? Və biz Rusiyadan nə istəyirdik? Nə gözləyirdik? Bu, ədəbi dildə desək, qarşılıqlı gözləntilər məsələsidir. Biz o vaxt Rusiyadan nə gözləyirdik? Gözləntimiz Qarabağda Rusiya sülhməramlılarının konstruktiv fəaliyyəti idi. Yəni Qarabağ ermənilərinin reinteqrasiyası prosesində, birbaşa vasitəçi olmasalar belə, bu istiqamətdə atılan addımların dəstəklənməsi əsas gözlənti idi. Bəs Rusiya bizdən nə gözləyirdi? Böyük ehtimalla, müttəfiqlik bəyannaməsi imzalanarkən və dərhal sonrasında Ukraynaya qarşı hərbi müdaxilə başladan Rusiya düşünürdü ki, bir-iki həftə ərzində məqsədlərinə çatacaq. Onların hesablamasına görə, Ukraynada hakimiyyət dəyişəcək və bütöv Ukrayna Rusiyanın müttəfiq ölkəsinə çevriləcəkdi.

- Bundan sonra postsovet məkanında sanki yeni qaydalar formalaşdırılacaqdı?...

- Bəli, məhz belə bir gözlənti vardı. Azərbaycanla imzalanan sənəd digərləri üçün nümunə olmalı idi. Çünki postsovet dövlətləri arasında Azərbaycan ən müstəqil siyasət yürüdən ölkələrdən biri kimi qəbul olunur. Əlbəttə, Azərbaycanın buna qarşı öz əlində alternativ vasitələr də var idi. Məsələn, Türkiyənin hərbi bazasının yaradılması məsələsi və sair addımlar vasitəsilə Qarabağda Rusiyanı tarazlaşdırmaq mümkün idi. Bu artıq “Plan B” hesab oluna bilərdi. “Plan A” isə Rusiyanı konstruktiv mövqeyə gətirmək idi. Zaman göstərdi ki, Rusiya Ukraynada gözlədiyi nəticəni əldə edə bilmədi və ciddi çətin vəziyyətə düşdü. Resursların böyük hissəsi Ukrayna istiqamətinə səfərbər olundu. Hazırda Azərbaycan ərazisində Rusiya sülhməramlıları yoxdur və münasibətlər korlanma istiqamətində davam edir. Sizin sualınıza qısa cavab olaraq demək olar ki, sənəd imzalandı və Azərbaycan müəyyən mənada öz məqsədlərinə çatdı. Rusiya isə ən azı Azərbaycanın timsalında sərhədyanı ölkədən gözlədiyi minimal gözləntilərə nail oldu. Yəni Azərbaycan heç bir hərbi-siyasi bloka daxil olmadı, Avropa İttifaqına inteqrasiya istiqamətində addım atmadı. Lakin iki il əvvəl, dekabr ayında baş verən təyyarə hadisəsindən sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər ciddi şəkildə korlandı. Bu, artıq elə bir dərin mərhələyə çatıb ki, nəinki əvvəlki vəziyyətə qayıdış çətindir, hətta yeni məzmun və forma baxımından fərqli münasibətlər modelinin yaranmasına gətirib çıxarır.

- Fərhad bəy, mən bir məqamı xatırlatmaq istəyirəm. Azərbaycanla müttəfiqlik bəyannaməsi imzalandı, daha əvvəl Qazaxıstanda hadisələr baş verdi. Rusiya-Gürcüstan münasibətlərində dəyişikliklər müşahidə olundu, Ermənistana sistemli təzyiqlər artdı. Siz qeyd etdiniz ki, Ukraynada qələbə olsaydı, postsovet məkanında yeni münasibətlər sistemi formalaşacaqdı. Bu proseslər – Qazaxıstan hadisələri, Azərbaycanla müqavilə, Ukraynaya hücum – ümumilikdə Rusiyanın vahid siyasət xəttinin tərkib hissəsi deyildimi?

- Xeyr, bu şəkildə demək düzgün olmaz. Azərbaycanla müqavilə məsələsi hələ Türkiyə ilə Şuşa Bəyannaməsi imzalandıqdan sonra gündəmdə idi. Rusiyada hakimiyyətə yaxın ekspertlər səviyyəsində bu barədə fikirlər səsləndirilirdi. Hətta nümunə kimi Özbəkistanla imzalanmış sənəd göstərilirdi və deyilirdi ki, Azərbaycanla da oxşar format tətbiq oluna bilər. Ümumiyyətlə, Rusiyanın postsovet məkanına yanaşmasında müəyyən “qradasiya”, yəni bölgü var idi. Birinci qrupa hərbi-siyasi müttəfiqlər – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvləri daxil idi. İkinci qrupa Azərbaycan və Özbəkistan kimi ölkələr aid edilirdi. Yəni Rusiyaya qarşı deyillər, lakin Rusiyanın inteqrasiya birliklərinin üzvü də deyillər. Üçüncü qrupa NATO və Avropa İttifaqına üzv olmaq istəyən ölkələr – Gürcüstan, Ukrayna və Moldova daxil idi. Dördüncü və ayrıca kateqoriya isə Türkmənistan idi – dünyadan böyük gözləntiləri olmayan və özünəməxsus neytral siyasət yürüdən ölkə kimi. Yəni təxminən belə bir təbəqələşmə mövcud idi. Qazaxıstan hadisələri, Ukrayna məsələsi və digər proseslər göstərirdi ki, Rusiya qlobal güc kimi öz yerini möhkəmləndirmək istəyir. O, ABŞ və Çinlə birlikdə dünya nizamının formalaşdırılmasında rol almağa çalışırdı. Daha cəsarətli, bəzən isə avantürist addımlarla özünü üçüncü böyük qüvvə kimi təqdim etməyə çalışırdı. Bu modeldə Rusiya hərbi güc kimi çıxış edirdi, Çin iqtisadi güc kimi, ABŞ isə həm hərbi, həm də iqtisadi güc kimi. Lakin proseslər göstərdi ki, Rusiya bu ambisiyaları reallaşdırmaq gücündə deyil. Regional güc kimi qəbul olunsa da, qlobal güc kimi çıxış edə bilmir və tədricən müxtəlif regionlarda müttəfiqlərini itirir.

- Qeyd etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri o qədər dərin şəkildə korlanıb ki, geri dönüş çətindir. Bu “dərin nöqtə”ni necə təsvir edərdiniz? Münasibətlər hazırda hansı səviyyədədir?

- Kremlin sözçüsü Dmitri Peskov bunu “emosional gərginlik” adlandırmışdı. Amma məncə, bu artıq emosional gərginlik mərhələsini keçib. Çünki iqtisadi əməkdaşlıq müəyyən dərəcədə davam etsə də, humanitar sahədə, ictimai rəy müstəvisində və siyasi ritorikada ciddi soyuqluq və qarşılıqlı etimadsızlıq müşahidə olunur. Yəni münasibətlər formal olaraq davam etsə də, məzmun baxımından əvvəlki səviyyədə deyil.

İkinci məqam ondan ibarətdir ki, təyyarə hadisəsindən sonra oktyabr ayında Putinlə görüş baş tutdu. Bu görüş faktiki olaraq münasibətlərin yeni forma və məzmunu üçün bir şərait yaratmışdı. Bir gözlənti vardı ki, həmin görüş münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər. Lakin sonrakı dövrdə Rusiyanın fəaliyyətsizliyi göstərdi ki, proses hələ də böhran mərhələsindədir. Yəni böhran davam edir. Liderlər arasında yenidən görüş baş tutmur. Bunun da səbəbləri var. Məsələn, MDB sammitinə Azərbaycan Prezidenti qatılmadı. Eyni zamanda, müxtəlif təxribat xarakterli addımların davam etdiyini görürük.

- Bu günlərdə MDB sərhəd xidmətləri rəhbərlərinin görüşündə Azərbaycan iştirak etmədi. Ümumi mənzərə onu göstərir ki, MDB ilə bağlı artıq Azərbaycanda müəyyən “time-out”, yəni fasilə götürülüb…

- Mən düşünürəm ki, həm Avropa Şurası, həm də MDB ilə bağlı Azərbaycanda bu qurumlardan çıxmaq ehtimalı üzərində ən azı nəzəri səviyyədə hazırlıq işləri aparılıb. Yəni siyasi qərar qəbul edilməzdən əvvəl zəruri hazırlıq mərhələsi görülüb. Avropa Şurası ilə bağlı maraqlı məqam var. Hər dəfə beynəlxalq tədbirlərdə bu qurumun rəhbər şəxsləri Azərbaycan Prezidenti ilə görüşmək istəyirlər. Xaricdə olan bəzi blogerlər iddia edirlər ki, guya Azərbaycan lobbiçilik edir ki, Avropa Şurasına qayıtsın. Mənim bildiyimə görə isə heç bir lobbiçilik yoxdur. Əksinə, Azərbaycan Prezidenti xarici tədbirlərə gedəndə adətən özü görüş təşəbbüsü göstərmir, onunla görüşmək istəyənlərlə görüşür. Bu, 2003-cü ildən bəri tətbiq olunan protokol qaydasıdır və bunu tam əminliklə demək olar. Halbuki problemi yaradan tərəf məhz Avropa Şurasıdır və indiyə qədər problemin həlli istiqamətində ciddi addım atmayıb. MDB-yə gəldikdə isə, Azərbaycanın qoşulduğu sənədlərin təxminən 80 faizində ölkənin xüsusi mövqeyi var. Eyni zamanda, Azərbaycan artıq Mərkəzi Asiya altılığı formatında fəal iştirak edir. Belarusla münasibətlər yüksək səviyyədədir. Qalır əsasən Rusiya amili. Belə olan halda sual yaranır: Azərbaycan MDB-dən nə alır ki, bunu ikitərəfli münasibətlər formatında ala bilməsin? Bu məntiqlə yanaşsaq, görərik ki, Azərbaycan artıq lazımi səviyyəyə çatıb və MDB çərçivəsi olmadan da həmin ölkələrlə münasibətləri davam etdirə bilər. Əlbəttə, MDB-dən çıxmaq qərarı verilsə, bəzi çoxtərəfli müqavilələr ikitərəfli formatda yenidən tənzimlənməlidir. Nəzəri hazırlıq da məhz bu istiqamətdə aparılır. Açıq demək lazımdır ki, ciddi hazırlıq müşahidə olunur və çox şey Rusiyanın bundan sonra Azərbaycana qarşı hansı siyasəti seçəcəyindən asılıdır. Təyyarə məsələsi isə burada əsas dönüş nöqtəsidir. Bundan sonra münasibətlərin yeni forma və məzmunu barədə danışmaq mümkündür.

- Siz təxribatların davam etdiyini qeyd etdiniz, hansı fəaliyyətləri nəzərdə tutursunuz?

- Burada söhbət hibrid müharibə elementlərindən gedir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda gedən əsas proseslərdə Rusiya artıq əvvəlki kimi iştirak etmir. Nə Azərbaycan-Ermənistan sülh prosesində, nə Ermənistan-Türkiyə münasibətlərində, nə də kommunikasiyaların açılması məsələsində. Halbuki əvvəl hər yerdə iştirak edirdi. Bu, müəyyən mənada Rusiyanın öz siyasətinin nəticəsidir ki, mövqelərini itirib. Digər tərəfdən, Rusiya Ermənistan-Türkiyə münasibətlərinə çox həssas yanaşır. Hər dəfə bu istiqamətdə irəliləyiş üçün imkan yarananda, Gürcüstan istiqamətində aktivlik artır. Çünki Rusiyanın düşüncəsinə görə, əgər Türkiyə regionun hər üç ölkəsi ilə açıq sərhədlərə və diplomatik münasibətlərə malik olacaqsa, Rusiya da eyni statusa sahib olmalıdır. Hətta bir neçə il əvvəl bəzi rus ekspertləri bildirirdilər ki, Azərbaycan Gürcüstana təsir etməli və Gürcüstan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Halbuki Azərbaycanın bu məsələdə heç bir marağı yoxdur. Digər mühüm məqam ondan ibarətdir ki, Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiya ölkələrinin də Qərblə münasibətlərində yeni mərhələ başlayır və bu prosesdə Azərbaycan əsas tranzit və əlaqələndirici rol oynayır. Son altı ayda həm Avropa İttifaqı–Mərkəzi Asiya sammiti, həm də ABŞ–Mərkəzi Asiya sammiti keçirildi. Həmin sammitlərdə Özbəkistan və Qazaxıstan Prezidentləri iştirak etdilər və ABŞ ilə münasibətləri Azərbaycan və Ermənistanla paralel şəkildə inkişaf etdirdilər. Vaşinqtonda keçirilən son sammitdə də bu dörd ölkənin liderlərinin eyni platformada ünsiyyəti təsadüfi deyildi. Bu, Cənubi Qafqaz–Mərkəzi Asiya xəttinin formalaşdığını göstərir. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Bu kontekstdə açar ölkə Azərbaycandır. Ya onunla uzlaşmaq lazımdır, ya da onu zəiflətmək üçün təxribatlara əl atmaq. Rusiyada müxtəlif güc mərkəzləri – “qüllələr” adlandırılan qruplar var və onların bir qismi məhz bu istiqamətdə hərəkət edir. Ermənistanda seçkilər kontekstində də müəyyən cəhdlər müşahidə olunur. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkə daha qapalı və idarəolunan sistemə malikdir. Xarici maliyyələşmə imkanları, siyasi partiyalar və QHT-lər üzərindən təsir imkanları məhduddur. Etnik faktor üzərindən də cəhdlər var, lakin effektli deyil. Məsələn, Rusiya ilə sərhəd bölgələrində yaşayan ləzgilər real vəziyyəti görürlər: Azərbaycan tərəfində böyük investisiyalar qoyulur, turizm mərkəzləri yaradılır. Amma sərhədin o tayında – Dağıstanda bu miqyasda inkişaf yoxdur. Cənub bölgəsində talış faktoru üzərindən də müəyyən fəallıq olmuşdu. Burada İran amili də nəzərə alınmalıdır. Lakin İranın özünün hazırkı vəziyyəti bu istiqamətdə ciddi təsir imkanlarını məhdudlaşdırır.

Digər istiqamət informasiya və kiber hücumlardır. Keçən il kiberhücumlar qeydə alınmışdı. Eyni zamanda, Azərbaycan Prezidentinin ailəsi ilə bağlı “kompromat” xarakterli materialların yayılması cəhdi oldu. Həmin materialları yayan şəxslərin özlərinin dediyinə görə, onlarla rus dilində danışan şəxslər əlaqə saxlayıb və materialları satmağı təklif ediblər. Belə məqamlar ciddi suallar doğurur. Ümumilikdə, həm informasiya, həm kiber, həm də siyasi təxribat elementləri müşahidə olunur. Bütün bunları nəzərə alsaq, görürük ki, Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya xəttində artan rolu fonunda bəzi dairələr üçün güclü Azərbaycan arzuolunan deyil. Çünki güclü Azərbaycan regionda yeni balans yaradır.

- Niyə məhz Rusiya ehtimal olunur, niyə Avropa və ya Fransa yox?

- Çünki hazırkı geosiyasi reallıqda Azərbaycanın güclənməsi Qərbin maraqlarına uyğundur. Azərbaycan Mərkəzi Asiyaya çıxış üçün əsas qapıdır və bir çox strateji planlar bu xətt üzərində qurulub. Ermənistanlı ekspertlər də bildirirlər ki, regiondakı yeni nəqliyyat və kommunikasiya layihələri təkcə dəmir yolu ilə məhdudlaşmayacaq, daha geniş miqyas alacaq. Bu isə regionun strateji əhəmiyyətini daha da artırır.

- Qarşıdakı illərdə Rusiya ilə münasibətləri yeni bir çərçivəyə salmaq perspektivi görünmür?

- Niyə görünməsin? Əgər Rusiya bütün imkanlardan istifadə edəcəksə, qarşısında iki seçim var: ya yeni eskalasiyaya – hətta müharibəyə getməlidir, ya da mövcud reallıqla barışmalı və regionda öz yerini yenidən müəyyənləşdirməlidir. Müharibə ilə bağlı müxtəlif fikirlər səslənir. Amma bir məsələni nəzərə almaq lazımdır: Cənubi Qafqaz və Şimali Qafqaz faktiki olaraq vahid geosiyasi məkandır. Böyük Qafqaz dağlarının bir tərəfində alov yanıb, digər tərəfində tam sabitliyin qalması real deyil. Bu, mümkün ssenari deyil. Digər tərəfdən, təhlükəsizlik və əməkdaşlıq məsələsi var. Terror qruplaşmaları baxımından dağlıq ərazilərə nəzarət düzənlik qədər asan deyil. Bu, dağdır – keçidlər, alternativ yollar həmişə var. Biz bunu Gürcüstanda da görmüşük. Əgər Gürcüstanda və ya Azərbaycanda ciddi sarsıntı olsa, Rusiya qısa müddətli hansısa taktiki nailiyyətlər əldə edə bilər. Amma nəzarətsiz Cənubi Qafqaz çox qısa zamanda Şimali Qafqazda da partlayış effekti yarada bilər.

- Bəs Ermənistandakı vəziyyəti necə qiymətləndirirsiniz? Ermənistan da Rusiya üçün zəif nöqtə sayılır. Açıq ölkədir, Rusiya maliyyə və “yumşaq güc” alətlərindən daha rahat istifadə edə bilir. İyunun 7-də parlament seçkiləri olacaq. Hazırkı vəziyyət necədir? Paşinyan hökumətinə qarşı real və təhlükəli alternativ formalaşa bilərmi?

- Alternativlər var. Hazırda Samvel Karapetyanın partiyası kifayət qədər fəaldır və ciddi maliyyə resursları sərf edir. 

- Sorğularda təxminən 13 faiz civarında reytinqi var...

- Amma Nikol Paşinyanın tərəfdarları da kifayət qədər təşkilatlanıblar. Administrativ resurs var, əhali arasında dəstək mövcuddur.

- “Gümrü ssenarisi” mümkündürmü?

- Bu variant yalnız o halda mümkündür ki, müxalifət bir neçə koalisiya ilə seçkiyə getsin və parlamentə dörd siyasi qüvvə daxil olsun. Əgər həmin dörd qüvvədən üçü Paşinyana qarşı mövqe tutsa, o zaman ya hökumət formalaşdırmaq, ya da siyasi böhran yaratmaq mümkündür. Məqsədin də bu olduğu görünür. Amma indiki mərhələdə Paşinyan inamla irəliləyir. ABŞ və Avropadan siyasi dəstək alıb. Onlar daxili proseslərə açıq şəkildə müdaxilə etmirlər – kim saxlanılır, kim buraxılır məsələsinə göz yumurlar. Paşinyan bütün resurslardan istifadə edərək seçkiyə gedir və qalib gələcəyinə inanır.

- Maraqlı məqamlardan biri də odur ki, qərbpərəst eks-prezident Levon Ter-Petrosyan Karapetyanı dəstəklədi. 

- Bəli, bu, diqqətçəkən hadisədir. Uzun müddət belə bir mif vardı ki, Ter-Petrosyan qərbyönlü siyasətçidir. Amma faktlar göstərir ki, o, Rusiya ilə münasibətləri davamlı saxlayır və ayda bir dəfə Rusiya səfiri ilə görüşdüyü barədə məlumatlar var.

- Rusiya–Ukrayna müharibəsinin dörd ili tamam olur. Başlanğıcda Rusiyanın qısa müddətli gözləntiləri vardı, amma müharibə uzandı. Yüz minlərlə itki, yüz milyardlarla dollar zərər və ortada həlledici nəticə yoxdur. Ukrayna dövləti qalır, hətta son xəbərlərə görə, Ukrayna ordusu 300 kvadrat kilometrə yaxın ərazini geri alıb. Rusiya iqtisadi və insan resursları baxımından tükənmə mərhələsinə yaxınlaşır. Sizin ümumi təhliliniz nədir?

- Bu dörd ildə demək olar ki, hamı hesablamalarında səhv etdi. Rusiya səhv hesabladı ki, üç günə, bir həftəyə Ukraynanı nəzarətə götürə biləcək və hakimiyyəti dəyişəcək. Ukrayna tərəfi də müəyyən məqamlarda Rusiyanın daxili sabitliyinin daha tez sarsılacağını düşündü. Qərb isə sanksiyalar vasitəsilə Rusiyanı tez bir zamanda geri çəkilməyə məcbur edə biləcəyini hesabladı. Avropa üç il ərzində öz iqtisadiyyatını tam hərbi relsə keçirmədi. Yalnız indi-indi daha fəal addımlar atılır. Almaniyanın daha aktiv mövqe tutması bunun nümunəsidir. Ümumi qiymətləndirmə budur ki, Rusiya böyük strateji səhv etdi və bunun nəticələri uzun illər davam edəcək.

Yaxın perspektivdə real atəşkəs əldə olunacağı inandırıcı görünmür. Rusiya prinsipial mövqelərindən geri çəkilməsə, razılaşma çətin olacaq. Ukraynanın isə geri çəkilməyə hazır olduğu görünmür. Hərbi dinamika da mövsümi faktordan asılıdır. Qışda torpaq donur, hərəkət imkanları dəyişir. Yaz və yay aylarında cəbhədə aktivlik artır və tərəflər daha çox hərbi üstünlük qazanmağa çalışırlar. ABŞ-də Donald Tramp faktoru da mühümdür. O, müəyyən mənada tələsir, amma tam tələsmir. Sentyabrda aralıq seçkilər gündəmdə olacaq və yay aylarının nəticələri ciddi rol oynayacaq. Həmin dövrə qədər kim cəbhədə hansı mövqeni əldə edərsə, danışıqlarda da üstün mövqedə olacaq. Ümumilikdə, Rusiya həm insan resursları, həm iqtisadi imkanlar, həm də geosiyasi mövqelər baxımından ciddi itkilərə məruz qalıb. Bu müharibənin nəticələri təkcə Ukrayna ilə məhdudlaşmayacaq, regionun və beynəlxalq sistemin gələcək arxitekturasına da təsir edəcək.

E.Rüstəmli

E.Bəyməmmədli

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
azpolitika.info

1Sources