EN

Televiziyalarda nə baş verir? Deputatlardan sərt mesaj: “Bu formada davam edə bilməz”

Son illər televiziya məkanında yayımlanan bəzi proqramların məzmunu ilə bağlı ictimai narazılıqların artması media siyasəti və efir məsuliyyəti məsələsini yenidən aktuallaşdırıb. Cəmiyyətin müxtəlif təbəqələri televiziya verilişlərinin həm maarifləndirici funksiyasının zəiflədiyini, həm də etik çərçivələrin bəzi hallarda qorunmadığını bildirir. Bu müzakirələr fonunda televiziya kanallarının reytinq yarışı, kommersiya maraqları və ictimai məsuliyyət arasında balansı necə qurması məsələsi xüsusi əhəmiyyət daşıyır. Mövzu ilə bağlı Milli Məclisin deputatları Editor.az-a açıqlamalar veriblər.

Milli Məclisin deputatı Naqif Həmzəyev Editor.az-a bildirib ki, son dövrlərdə Audiovizual Şuraya daxil olan müraciətlər fonunda bəzi proqramların formatında dəyişiklik ediləcəyi ilə bağlı məlumatlar yayılır:

“Xüsusilə müstəqil televiziya kanalları daha çox reklam və gəlir əldə etmək məqsədilə bəzən etik normalara lazımi səviyyədə riayət etmirlər. Efir üçün uyğun hesab olunmayan şəxslərin ekspert və ya digər qismdə təqdim edilməsi nəticə etibarilə tamaşaçıya mənfi təsir göstərir. Qısa müddətli kommersiya qazancı əldə olunsa da, ümumi ictimai maraq baxımından bu yanaşma doğru deyil. Bu baxımdan bəzi proqramların formatına yenidən baxılması, efirə çıxarılan qonaqların isə konkret meyarlar əsasında seçilməsi zəruridir.

Sosial şəbəkələrdəki müzakirə tərzinin televiziya efirinə daşınması qəbuledilməzdir. sosial media ilə rəqabət aparmaq naminə televiziya öz mahiyyətini dəyişməməlidir. Televiziya maarifləndirici, milli-mənəvi dəyərləri qoruyan və etik prinsiplərə söykənən platforma kimi öz kimliyini saxlamalıdır”.

Deputat qeyd edib ki, konkret bəzi proqramları geniş izləməsə də, “Elgizlə izlə” verilişinin sosial yönümlü fəaliyyətinin müəyyən müsbət tərəfləri var:

“Proqram bir sıra hallarda vətəndaşların problemlərinin həllinə real dəstək göstərib. Bu baxımdan sosial yardım və ictimai dəstəyin koordinasiyası kimi müsbət elementlər qorunub saxlanılmalıdır. Efirə dəvət olunan ekspertlər yalnız ixtisaslarına uyğun mövzularda danışmalı, cəmiyyətə dəqiq və əsaslı məlumat təqdim etməlidirlər. Bəzi hallarda isə ayrı-ayrı şəxslərin hər mövzuda fikir bildirməsi arzuolunmaz mənzərə yaradır. Televiziya milli kimliyin qorunmasına xidmət etməli, sırf reklam və kommersiya maraqları naminə dəyərlərdən uzaqlaşmamalıdır. Aparıcıların davranışları, səsləndirdikləri fikirlər və seçilən mövzular əvvəlcədən ciddi şəkildə ölçülüb-biçilməlidir. Sosial şəbəkələrdəki qeyri-etik yanaşmalar televiziya efirinə daşınmamalıdır və aparılacaq dəyişikliklər nəticəsində ailələrin rahat şəkildə televiziya izləməsi təmin olunmalıdır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Editor.az-a açıqlamasında bildirib ki, məsələ hazırda cəmiyyətdə geniş və ciddi şəkildə müzakirə olunur və narahatlığın yaranması başadüşüləndir:

“Söhbət sıradan bir mövzudan deyil və ictimai həssaslıq tamamilə təbiidir. Bu istiqamətdə iş iki xətt üzrə aparılmalıdır. Bir tərəfdən müvafiq qurumlar nəzarəti gücləndirməli və üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra etməlidirlər. Digər tərəfdən isə televiziya kanalları özləri də məsuliyyətli davranmalı və yayımladıqları məzmuna diqqətlə yanaşmalıdırlar.

Bir müddət əvvəl Parlamentdə bu məsələ müzakirə olunub və müəyyən qərarlar qəbul edilib. Milli-mənəvi dəyərlərin qorunması baxımından mövcud qanunvericilik hazırda kifayət edir. Lakin proseslər daha mürəkkəb xarakter alarsa və vəziyyət fərqli istiqamətdə inkişaf edərsə, əlavə qərarların qəbul edilməsi və qanunvericiliyə yenidən baxılması istisna deyil”.

Deputat vurğulayıb ki, məsələ yalnız hüquqi müstəvi ilə məhdudlaşmır.: “Burada həm vətəndaş məsuliyyəti, həm də televiziya kanallarının özünənəzarət mexanizmləri mühüm rol oynayır. Onun sözlərinə görə, televiziya rəhbərlikləri prosesi daxili nəzarət vasitəsilə tənzimləməli və məsələ prinsipial yanaşma tələb edən mövzu kimi dəyərləndirilməlidir”.

 

//Gülnarə Abasova, Editor.az

Chosen
19
editor.az

1Sources