Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kreml Ukrayna ilə genişmiqyaslı müharibənin dörd ili ərzində Avropa ərazisində azı 151 hibrid hücum təşkil edib. Bu barədə “International Centre for Counter-Terrorism” (ICCT) və “Globsec” layihəsinin birgə təhlilində bildirilir.
Araşdırmada hibrid hücumlar dedikdə müxalifətçilərə və xaricə qaçmış xüsusi xidmət əməkdaşlarına qarşı sui-qəsd cəhdləri, hücumlar, adam oğurluqları, yanğınlar, partlayışlar, diversiyalar, vandalizm və ictimai asayişin pozulması nəzərdə tutulur.
Ən çox hücum – 64 fakt 2024-cü ildə qeydə alınıb. 2025-ci ilin ikinci yarısı və 2026-cı ilin əvvəlində isə Avropada 12 hibrid hücum qeydə alınıb. Tədqiqatçıların məlumatına görə, yalnız bir hücum birbaşa Rusiya xüsusi xidmət əməkdaşları tərəfindən təşkil olunub, digər doqquz halda isə onlarla əlaqəli icraçılar cəlb edilib.
Ən çox diversiya faktı (31) Polşada qeydə alınıb və hesabatda bu ölkənin Rusiya hibrid əməliyyatlarının əsas hədəfi olduğu vurğulanır.
Fransada hesablama dövrü ərzində 20, 2025-ci ilin ortalarından sonra isə daha 5 insident baş verib;
Litva və Almaniyada dörd il ərzində hərəsində 15 hadisə;
Böyük Britaniyada 12;
Estoniyada isə 11 insident qeydə alınıb.
Hesabat müəllifləri ümumilikdə 172 icraçı müəyyən ediblər. Onların 95 faizinin əvvəllər Rusiya xüsusi xidmət orqanları ilə rəsmi əlaqəsi olmayıb. Bununla belə, yalnız 58 faizi əslində kimin tərəfindən koordinasiya olunduğunu bilib.
Araşdırmaya görə, hibrid əməliyyatların icraçıları arasında ən çox ukraynalılar olub. Həmçinin Avropa vətəndaşlığı olan ruslar, eləcə də mühacirətdə yaşayan belaruslar, moldovalılar, bolqarlar və serblər də iştirak ediblər.
İcraçıların təxminən yarısı hücumun törədildiyi ölkədə yaşamayıb və ora xüsusi olaraq gəlib. Əksəriyyət Moldova Respublikası, Serbiya və Bolqarıstandan səfər edib.
ICCT və Globsec əsas motivasiya kimi maliyyə qazancını göstərir. İcraçıların əksəriyyəti 30–35 yaş aralığında olub, iş tapmaqda çətinlik çəkib, aşağı maaş alıb və ya borclu olub. 11 nəfər 18 yaşdan kiçik olub, ən gənci 16 yaşında idi. Onların bir qismi Ukrayna ərazisindən böyüklərin müşayiəti olmadan qaçmış və həssas vəziyyətdə olub.
Ən azı 12 icraçının ultra-sağ icmalarla əlaqəsi olub, 44 nəfərin isə keçmişdə məhkumluğu qeydə alınıb.
Cəlbetmə məkanları kimi həbsxanalar, sərhədlər, iş axtarışı saytları göstərilir. Ən çox ünsiyyət isə Telegram üzərindən aparılıb. Əvvəlcə sadə tapşırıqlar üçün kiçik məbləğlər ödənilib, daha sonra tapşırıqların mürəkkəbliyi artdıqca mükafat da yüksəlib – iri yanğınlar və ya partlayıcı maddələrlə hücumlara qədər.
Məlumata görə, icraçıların təxminən 90 faizi ən azı bir şəriklə hərəkət edib, bəzən isə daha böyük qruplar şəklində fəaliyyət göstərib.
Bir çox hallarda diversiyalar bir neçə yüz avroya həyata keçirilib. Lakin hücumun törədildiyi ölkədə yaşayan və “ideoloji” motivli hesab edilən 26 nəfərə mürəkkəb əməliyyatlar üçün bir neçə min avro təklif olunub.
Belə şəxslərdən biri – Rusiya və Almaniya vətəndaşı Diter Ş. – 2025-ci ildə Almaniyada dəmir yolunda diversiyalara görə altı il həbs cəzasına məhkum edilib. O, 2014–2016-cı illərdə Ukraynanın şərqində prorusiya silahlı birləşmələrin tərəfində döyüşüb.
Hesabat müəllifləri qeyd edirlər ki, 2018-ci ildən etibarən Avropadan 600-dən çox Rusiya agentinin çıxarılmasından sonra diversiya əməliyyatlarının miqyası artıb. Diplomatik örtük altında fəaliyyət göstərən kəşfiyyat əməkdaşlarını itirən Kreml Avropada mülki şəxslərin verbovkasına üstünlük verməyə başlayıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.