EN

Faciədən sonra qayıdan Duyğu - Tarixi yaddaşla siyasi realizm

Bu gün Azərbaycan tarixinin ən ağrılı və eyni zamanda ən prinsipial səhifələrindən birinin — Xocalı soyqırımının 34-cü ildönümüdür. 1992-ci ilin 26 fevralında Xocalı şəhərində baş verən hadisələr təkcə bir şəhərin deyil, bütövlükdə bir xalqın yaddaşına həkk olunub. Aradan keçən onilliklərə baxmayaraq, bu faciə nə unuduldu, nə də unudulacaq.

Xocalıda dinc əhaliyə qarşı törədilən kütləvi qırğın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Uşaqların, qadınların, qocaların hədəfə alınması bu hadisəni adi hərbi toqquşmadan fərqləndirərək insanlıq əleyhinə cinayət səviyyəsinə yüksəltdi. Azərbaycan dövləti illər boyu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət aparıb. Bir sıra ölkələrin parlamentləri və ABŞ-nin ştat qanunverici orqanları Xocalı faciəsini soyqırımı və ya kütləvi qətliam kimi tanıyıb.

Tarixi yaddaş siyasi alət deyil. Bu, milli kimliyin, ədalət hissinin və gələcək strategiyanın əsas sütunudur. Xocalını unutmaq təkcə keçmişə xəyanət olmazdı, bu, gələcək nəsillərin təhlükəsizliyinə də laqeyd yanaşmaq hesab edilərdi. 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı rayonuna səfəri xüsusi siyasi və mənəvi məna daşıyır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesi artıq yeni mərhələyə qədəm qoyub. Xocalıda Azərbaycan bayrağının dalğalanması təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin təcəssümüdür.

Prezident Xocalıya getdi - YENİLƏNİB (FOTOLAR)

Prezidentin məhz ildönümündə Xocalıda olması dövlətin siyasi xəttini açıq şəkildə göstərir: Azərbaycan həm keçmişin ağrılarını unutmur, həm də gələcəyə suveren və güclü dövlət kimi baxır. Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajdır. Azərbaycan artıq fakt qarşısında qalan tərəf deyil, regional reallıqları formalaşdıran aktordur.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva ötən gün Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar. Sonra Prezident və ailəsi kəndə köçmüş Əmrah Sahiblinin evində olublar.

Prezident İlham Əliyev: Adın nədir?

Uşaq sakin: Duyğu.

Prezident İlham Əliyev: Duyğu? Gəl, gəl, Mehriban xanımla görüş.

Birinci xanım Mehriban Əliyeva: Gəl buraya, görüşək.

Xanabadın balaca sakini ilə səmimi dialoq - "Gəl, Mehriban xanımla görüş" (FOTOLAR)

Balaca Duyğu bilməsə də, hazırda onun yaşadığı kəndin ərazisində XX əsrin əvvəllərində erməni yaraqlıları ilə Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələri arasında toqquşmalar olub. Xanabad kəndi 1992-ci ildən 2020-ci ilə kimi erməni separatçılarının işğalı altında olub, Xnapat adlandırılıb.

İşğal dövründə bu ərazidə nüvə terrorizmi üzrə qruplar da fəaliyyət göstərib.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanan 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanabad kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olub. 2023-cü ildə isə kənd həyata keçirilən antiterror əməliyyatından sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Bütün bu ağrılı xatirələrə baxmayaraq, Azərbaycan bu gün Ermənistanla sülh müqaviləsinin imzalanmasını gündəmdə saxlayır. Bu, emosional deyil, strateji seçimdir. Müharibədən sonra formalaşan yeni geosiyasi reallıq Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün hüquqi əsasların yaradılmasını tələb edir.

Armenia, Azerbaijan Agree on Peace Deal Including US-Led Transit Rout -  Bloomberg

Sülh təşəbbüsü zəiflik deyil. Əksinə, qalib tərəfin siyasi iradəsinin və özünəinamının göstəricisidir. Azərbaycan dövləti bir tərəfdən Xocalı kimi faciələrin hüquqi-siyasi qiymətini tələb edir, digər tərəfdən isə regionda davamlı təhlükəsizlik arxitekturasının qurulmasına çalışır. Bu iki xətt bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır.

Tarixi yaddaşla siyasi realizm arasında balans tapmaq hər dövlət üçün çətin sınaqdır. Azərbaycan modeli göstərir ki, keçmişi unutmaq sülh deyil, sadəcə müvəqqəti susqunluq yaradar. Əsl sülh isə ədalətin tanınması, sərhədlərin qarşılıqlı hörmət əsasında müəyyənləşdirilməsi və gələcək nəsillər üçün təhlükəsiz mühitin qurulması ilə mümkündür.

Ağarza Elçinoğlu 

Chosen
9
unikal.az

1Sources