TƏBİB tərəfindən vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, tabeli tibb müəssisələrində yeni tibbi xidmətlərin istifadəyə verilməsi istiqamətində zəruri tədbirlər görülür. Bu istiqamətdə atılan addımların davamı kimi Quba Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji əməliyyatlarının icrasına başlanılıb.Tibb müəssisəsində ilk dəfə olaraq 1949-cu il təvəllüdlü (qadın) pasiyent üzərində icra olunan kataraktanın fakoemulsifikasiyası, aspirasiyası və intraokulyar göz bülluru protezinin implantasiyası əməliyyatı həyata keçirilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan əməliyyat uğurla başa çatıb.Fakoemulsifikasiya üsulu minimal invaziv cərrahi metod olub, kiçik kəsik vasitəsilə icra edilir, qısa reabilitasiya müddəti və yüksək klinik effektivliyi ilə seçilir. Cərrahi müdaxilə zamanı bulanıqlaşmış təbii göz bülluru xaric edilərək, onun yerinə yüksək keyfiyyətli intraokulyar göz bülluru protezi implantasiya olunub.Qeyd edək ki, TƏBİB-in dəstəyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasında son illər bir sıra tibbi islahatlar həyata keçirilib. Burada maddi texniki imkanların yaxşılaşdırılması, kadr islahatlarının həyata keçirilməsi, keyfiyyətli tibbi xidmətin təşkili və ən əsası vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tibb müəssisəsi müasir tibbi avadanlıqlarla təmin olunub, yeni cərrahi əməliyyatlar və prosedurların icrasına başlanılıb.


