EN

"Uşaq yıxılmalı, səhv etməli və nəticəni görməlidir ki..." - Psixoloqdan valideynlərə TÖVSİYƏ

"Valideynlərin ən böyük arzularından biri övladlarının güclü, qərarlı və iradəli bir şəxs kimi formalaşmasıdır. Ancaq iradə təkcə xarakter xüsusiyyəti deyil. O, uşaqlıqdan formalaşan psixoloji bacarıqdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova iradəli övlad böyütməyin yollarından danışarkən bildirdi.

Psixoloq əlavə etdi ki, iradəli uşaq təsadüfən yetişmir:

"Bunun üçün valideynlərin diqqət etməli olduğu bir neçə mühüm nüans var. Uşaq sərhədləri olan mühitdə özünü daha güvənli hiss edir. Qaydaların olması uşağa məsuliyyət hissini və özünü idarə etmə bacarığını öyrədir. Həddindən artıq sərtlik də, tam sərbəstlik də iradənin formalaşmasına mənfi təsir göstərə bilər. Yəni balans vacibdir. İradə qərar verməklə güclənir. Uşağa yaşına uyğun seçimlər təqdim edin: “Bu gün hansı kitabı oxumaq istəyirsən?” kimi sadə seçimlər belə məsuliyyət və qərarlılıq hissini artırır".

Müsahibimizin sözlərinə görə, bir çox valideyn övladını hər çətinlikdən qorumağa çalışır, halbuki iradə çətinliklərlə mübarizə zamanı formalaşır:

"Uşaq yıxılmalı, səhv etməli və nəticəni görməlidir ki, daxili gücünü kəşf etsin. İradəli insanlar istəklərini idarə etməyi bacarırlar. Uşağa hər istədiyini dərhal almaq əvəzinə, gözləməyi və zəhmətlə əldə etməyi öyrətmək vacibdir. Uşaq eşitdiyini yox, gördüyünü təkrarlayır. Valideyn çətinlik qarşısında tez təslim olursa, uşaq da eyni modeli mənimsəyəcək. Səbirli, qərarlı və sözünün üstündə duran valideyn güclü xarakterli övlad yetişdirir. Övladlarımıza “bacarmırsan” demək yerinə “bir daha cəhd et, bacaracağına inanıram” demək uşağın daxili motivasiyasını gücləndirir. İradə qorxu ilə deyil, inamla inkişaf edir. Sonda onu da vurğulamaq istərdim ki, hər uşaq fərqlidir. İradəli olmaq sakit və ya sərt xarakter demək deyil. Əsas məsələ uşağın məqsəd qoymağı, başladığını davam etdirməyi və çətinliklər qarşısında sınmamağı öyrənməsidir.
Unutmayaq ki, güclü iradə sevgi, sabit ünsiyyət mühitində böyüyür".

Xədicə BAXIŞLI

Chosen
41
1
redaktor.az

2Sources