EN

Sadə evləri və ailələri dağıdan parıltılı və bahalı həyatlar

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sevinc Fədai

Amerikalı motivasiya natiqi Cim Ron deyirdi: “Sən ən çox vaxt keçirdiyin beş insanın ortalamasısan”.

Uzun illər bu fikir yalnız fiziki mühit üçün keçərli idi. Ailə, dostlar, qohumlar, iş yoldaşları... İnsan kimlə oturub-dururdusa, zamanla ona bənzəyirdi. Amma bu gün “beş insan” anlayışı dəyişib. Artıq o beş nəfərin bir neçəsi real həyatdan deyil, telefondan boylanır.

Sosial media səssiz şəkildə həyatımıza daxil oldu, amma təsiri səssiz qalmadı.

Bu gün bir çox gəncin ən çox “ünsiyyətdə” olduğu insanlar influnserlər, blogerlər, “uğur hekayəsi” adı altında bahalı avtomobillər, dəbdəbəli restoranlar və lüks səyahətlər nümayiş etdirən şəxslərdir. Onların həyatları filtrli, montajlı, seçilmiş kadrlardan ibarətdir. Amma izləyən üçün bu, reallıq kimi görünür.

Problem də məhz burada başlayır. Gənc öz həyatına baxır. Sadə ev. Adi iş. Kredit borcu. Ailə qayğıları. Mübarizə. Səbir. Addım-addım irəliləyiş.

Sonra telefon ekranına baxır. Bir neçə ayda “uğur qazanan” biri. “Oturduğun yerdə pul qazan”. “Əziyyətsiz gəlir”. “Azad həyat”. “Səfa sür”. Və müqayisə başlayır. Müqayisə isə çox vaxt minnətdarlığı öldürür.

Artıq öz hekayəsi ona darıxdırıcı görünür. Öz zəhməti mənasız görünür. Atasının illərlə işləyərək qazandığı halal çörək dəyərsiz görünməyə başlayır. Anasının qənaətlə qurduğu ev “kasıb həyat” kimi qəbul edilir.

Beləcə, ailə ilə övlad arasında görünməz bir uçurum yaranır. Dəyərlər yavaş-yavaş aşınır. Əmək yerini “asan qazanc” arzusuna verir. Səbir yerini tələskənliyə verir. Proses yerini nəticəyə verir. Zəhmət yerini görüntüyə verir.

Halbuki sosial mediada gördüyümüz həyatların çoxu vitrin həyatıdır. Heç kim borcunu paylaşmır. Heç kim stressini paylaşmır. Heç kim uğursuzluq hekayələrini, yuxusuz gecələrini paylaşmır. Amma hər kəs nəticəni paylaşır. Biz isə prosesi yaşamadan nəticəni istəyirik.

Cəfa çəkmədən səfa sürmək arzusu insanı daxildən boşaldır. Çünki insanı formalaşdıran məhz o cəfadır. Əziyyət çəkmədən qazanılan şeyin dəyəri də çox vaxt olmur.

Ən təhlükəlisi isə budur: Gənclər artıq örnək olaraq alimləri, müəllimləri, zəhmətkeş insanları deyil, yalnız parıltılı həyatı olan şəxsləri görürlər. Dəyər ölçüsü dəyişir. “Kim daha faydalıdır?” sualı yerini “Kim daha çox göstərir?” sualına verir.

Bu dəyişiklik təkcə fərdi problem deyil artıq. Bu, cəmiyyətin gələcəyi ilə bağlı məsələdir. Çünki bir toplumun gələcəyi onun dəyərləri üzərində qurulur. Əgər dəyər zəhmət deyilsə, görüntüdürsə, o toplum uzunömürlü ola bilməz.

Artıq özümüzə bu sualı verməyin vaxtıdır: Biz kimlərlə “vaxt keçiririk”? Telefonumuzdakı beş əsas sima kimdir? Onlar bizi böyüdür, yoxsa içimizdə narazılıq və yetərsizlik hissi yaradır?

Sosial mediadan qaçmaq mümkün deyil. Amma onu şüurlu istifadə etmək mümkündür. Hər parıltı qızıl deyil. Hər sürətli yüksəliş sağlam deyil. Hər rahat görünən həyat həqiqətən rahat deyil. Gənclərə zəhmətin romantikasını yenidən xatırlatmaq lazımdır. Prosesin gözəlliyini anlatmaq lazımdır. Həyatın filtrsiz tərəfini normallaşdırmaq lazımdır. Çünki həqiqi uğur göstərilən yox, zərrə-zərrə qurulandır. Və qurulan hər şey zaman, səbir və zəhmət tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
525.az

1Sources