“Yaxın bir il ərzində daşınmaz əmlak bazarında ucuzlaşma gözlənilmir”.Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc söyləyib. O bildirib ki, ucuz qiymətə təklif olunan əmlakların bir qismi sənədsiz, aşağı təmirli olur, yaxud tikili mövcuddur, amma torpaq hüquqi baxımdan mülkiyyət deyil, icarə əsasında istifadə olunur və s. Belə hallarda təbii ki, aşağı qiymətlərlə rastlaşmaq mümkündür. Lakin bazarın ümumi istiqamətdə ucuzlaşması ilə bağlı hər hansı fakt mövcud deyil: “İnvestisiya potensialı yüksək olan, söküntü işlərinin aparıldığı, iri yaşayış komplekslərinin tikintisinin planlaşdırıldığı ərazilərdə qiymət artımı gözləniləndir. Bakı şəhərinin 2040-cı il Baş Planına əsasən infrastruktur dəyişiklikləri, yeni metro stansiyalarının inşası, tramvay xətlərinin çəkilməsi nəzərdə tutulur. Bu kimi layihələrin planlaşdırıldığı ərazilərdə qiymət artımı üçün ciddi potensial formalaşır”.
V.Orucun sözlərinə görə, Məhəmmədlidə, Hövsanda və digər ərazilərdə də həyət evlərinin qiymətində artım tendensiyası davam edir: “Ötən illə müqayisədə yanvar-fevral aylarında artım tempinin zəiflədiyi hiss olunur. Bu baxımdan, cari ilin əvvəlki illərin nəticələrini təkrarlayıb-təkrarlamayacağı ilə bağlı müəyyən suallar var. Lakin bəzi mövsümi faktorlar bazara müsbət təsir göstərir. Məsələn, tikinti materiallarının bahalaşması hər il fərdi yaşayış evlərinin maya dəyərini artırır və bu da qiymətlərə təsir edir. Bundan əlavə, yay mövsümü ərəfəsində bağ evlərinə və dənizkənarı ərazilərə tələbat yüksəlir. Nəticədə bağ evlərinin qiymətində ciddi artım müşahidə olunur. Bu artım sonradan əvvəlki səviyyəyə qayıtmır, ya həmin yüksək qiymətlərdə stabilləşmə baş verir, ya da cüzi enmə qeydə alınır. Əvvəlki qiymətlərə dönüş ehtimalı isə demək olar ki, yoxdur”. Sevinc İbrahimzadə / Metbuat.az