“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandada nizam-intizam məsələlərinə son dərəcə ciddi yanaşır.
Almaniyalı mütəxəssis daha əvvəl əsas heyətin futbolçuları olsa belə, matçdan əvvəlki iclaslara gecikən oyunçuları ehtiyatda saxlaması ilə diqqət çəkib.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Pedri, baş məşqçinin sərt qaydalarından danışarkən, Flikin hətta bir neçə saniyəlik gecikməni də bağışlamadığını bildirib:
“Məşq saat 11:00-da başlayırsa və sən 11:00:03-də gəlmisənsə, Flik üçün bu artıq gecikmək sayılır”.
Kataloniya təmsilçisi La Liqa çərçivəsində növbəti matçını fevralın 28-də, öz meydanında “Villarreal”a qarşı keçirəcək.
Flikin rəhbərlik etdiyi komanda hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real”ı 1 xal qabaqlayır.