GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
(Qeyd: Foto şərtidir)
Artıq bir sıra rayonlarda yas mərasimlərində ehsan verilməsi, müxtəlif təamların, meyvələrin süfrəyə düzülməsi qadağan olunub. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmasa da, bir çoxları tərəfindən alqışlanıb.
Yadımdadır, nənəm deyərdi ki, əvvəllər kiminsə evinə matəm düşəndə yasa gələnlər əliboş getməzdi. Biri çay gətirər, biri halva bişirər, biri yuxa, biri pendir… İmkanı yaxşı olan isə əlavə yemək hazırlayardı ki, “filankəsin evinə dərd gəlib, o indi ehsan fikirləşəcək halda deyil”. Yas sahibinin yükü yüngülləşərdi.
Amma illər keçdikcə başqa sözlər eşitdik: “Yemək gec gəldi”, “Salfetka çatmadı”, “Çay acı idi”, “Düyü tam bişməmişdi”… Yas mərasimi yavaş-yavaş yarışa çevrildi. Kim daha yaxşı süfrə açdı, kim daha çox adam yığdı, kim daha səxavətli göründü, kim neçə növ yemək verdi və s.
Qardaşım rəhmətə gedəndə mən də təklif etdim ki, yeməyə xərclənəcək pulu kiməsə ehsan edək. Dedilər, “kəndin adəti var”. Anamla atam isə sadəcə onu dedilər ki, oğluma toy etməmişəm, heç olmasa, ehsan verim. Onlara qarşı çıxa bilməzdim. Süfrə açıldı, yeməklər verildi, artıq qalanlar paylandı. Amma içimdə sual qaldı: ümumiyyətlə, camaat bu süfrəni kim üçün açır? Ölən üçün, yoxsa sağ qalanların gözünə görünmək üçün?
İndi yas məsələsində müəyyən addımlar atılıb. Bəs toylar?
Bu gün imkanlı, xüsusilə məmur təbəqənin övladlarının dəbdəbəli nişan və toyları sosial şəbəkələrdə nümayiş olunur. Bahalı məkanlar, şişirdilmiş dekorlar, astronomik qonorar alan müğənnilər… Və bütün bunları görən orta statistik ailə “ayıb olmasın” deyə borca girir. Kredit götürür, illərlə ödəyir, nəticədə bir gecəlik təmtərağa uduzur.
Ola bilməzmi ki, toy da sadə olsun? Məclis səmimiyyətlə yadda qalsın, israfla yox? “Ağzının danışığını bilməyən”, şou naminə çağırılan ifaçılara verilən pullar başqa məqsədlərə yönəldilsin. Məsələn, gənclərin evinə, gələcəyinə?
Əgər yas mərasimlərində israfın qarşısını almaq mümkündürsə, toy mərasimlərində niyə olmasın? Ənənə adı ilə yaşatdığımız şey doğrudanmı milli dəyərdir, yoxsa sosial təzyiq? Görəsən, toylarda israfçılığın qarşısını inzibati qərarlarla almaq daha effektlidir, yoxsa bu məsələ cəmiyyətin düşüncə tərzinin dəyişməsi ilə həll olunmalıdır?
Zaira Akiqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.