EN

Avropa İrəvana yeni missiya göndərir: Sərhədimizdəki qüvvələr nə edəcək?

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı iyunda keçiriləcək parlament seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq məqsədilə Ermənistana yardım etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, ilk dəstək Rusiyanın dezinformasiya siyasətinə qarşı mübarizə aparacaq “hibrid sürətli reaksiya qrupu”nun göndərilməsidir. Daha sonra Ermənistanda Aİ-nin daimi mülki missiyası fəaliyyətə başlayacaq.

“Azadlıq radiosu” Ermənistan xarici işlər nazirinin Brüsselə göndərdiyi məktubu əldə edib. 13 fevral tarixində göndərilən məktubda Ararat Mirzoyanın Avropadan İrəvana sürətli reaksiya qrupu göndərməsi istəyi qeyd olunur. Bu, Moldovaya verilən dəstəklə analogiya təşkil edir. Ötən il parlament seçkiləri zamanı Aİ Rusiyanın dezinformasiyalarını dərhal aşkar etmək və qarşısını almaqda Moldova hakimiyyətinə kömək edən 20 nəfərlik qrupu Kişinyova göndərmişdi. Həm Kişinyov, həm Brüssel bu layihəni uğurlu hesab edirlər. Aİ eyni dəstəyi Ermənistana verməyə hazırlaşır.

“Azadlıq radiosu” Brüsseldəki müzakirələrdə diplomatik qeydləri də əldə edib. Məlumata görə, Aİ “həm 2026-cı ilin iyun ayında keçiriləcək seçkilərdən əvvəl, həm də Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi zamanı Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün gücləndirilməsinə dəstəyini ifadə etmək” niyyətindədir. Eyni zamanda, “Ermənistana təklif olunan dəstək açıq şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərinin azaldılmasına və yumşaldılmasına yönəlməlidir”.

Məlumata görə, ittifaqa üzv dövlətlər diplomatik korpusa və xarici işlər xidmətinə müraciət edərək, “Aİ-nin Ermənistana dəstəyinin məqsədini izah etməyə və sülh prosesinə mənfi təsirlərdən qaçmaq üçün Azərbaycanla əlaqə saxlamağa” çağırıblar. Rəsmi Bakı son illərdə Aİ-nin Ermənistana verdiyi hərbi yardım, eləcə də Azərbaycanla sərhəddə “müşahidə missiyası”nın fəaliyyətindən narahatlığını dilə gətirib. İrəvana yeni missiya göndərmək istəyən Brüssel bu dəfə məsələni Bakı ilə də müzakirə etmək çağırışları ilə üzləşib.

Radionun məlumatına görə, Ermənistana göndərilməsi planlaşdırılan yeni missiya hibrid təhdidlərə, o cümlədən, “seçki prosesinə müdaxilənin qarşısının alınmasına və daha sonra keçiriləcək mümkün konstitusiya referendumuna” diqqət ayıracaq.

Bir neçə avropalı diplomat radioya açıqlamalarında bildiriblər ki, tərəflər missiyanı mayın 4-də İrəvanda keçiriləcək Aİ-Ermənistan sammitinə qədər göndərməyi planlaşdırır. Bu o deməkdir ki, məsələ ilə bağlı qərar mart ayında verilməlidir.

Lakin prosesin asan olmayacağı düşüncələri də var. Aİ-yə üzv dövlətlər iki qərar qəbul etməli – texniki olaraq təsdiqləməli, faktiki olaraq icra etməlidir. Ermənistanın Moldova qədər Avropa və beynəlxalq dəstəyə malik olmadığı deyilir. Bununla yanaşı, Macarıstan daha öncə bir neçə dəfə Aİ-nin Ermənistanla bağlı qərarlarını bloklayıb və İrəvana verilənlərin Azərbaycana da verilməsində israr edib. Budapeştin eyni mövqedən çıxış edəcəyi gözləniləndir.

Brüsseldə isə ümid edirlər ki, bu dəfə Azərbaycan Aİ-nin Ermənistandakı yeni missiyasına daha müsbət yanaşa bilər, çünki bu missiya fəaliyyətini sülh prosesinə dəstəklə əlaqələndirəcək.

Yeni missiya ilə bağlı potensial maneələrdən biri də maliyyədir. Avropalı diplomatlar bildiriblər ki, Brüssel Misir, Qəzza, İordaniya və Livanda digər missiyaların genişləndirilməsinə və ya yenidən yaradılmsına çalışdığı üçün Aİ-nin büdcəsi məhduddur.

Diplomatik mənbələrin məlumatına görə, Aİ-nin Ermənistana dəstəyi təsdiqlənərsə, yeni missiya bir neçə mütəxəssisdən ibarət olacaq. Onlara dəstəyi isə sərhədi izləyən Aİ-nin missiyasından köçürülənlər veriləcək.

Görünür Avropa İttifaqının Ermənistanda “müşahidə missiyası” adı altında fəaliyyət göstərən qüvvələri sərhəddən uzaqlaşdırılacaq və İrəvanda “yeni missiya” kimi fəaliyyətə başlayacaq. Yeni missiyasının əsas profili isə hibrid hücumlara qarşı mübarizə olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
hurriyyet.az

1Sources