Azərbaycan şou-biznesi təkcə yaradıcılıq uğurları ilə deyil, həm də qalmaqalları ilə gündəmə gəlib. Sənət adamları arasında baş verən mübahisələr sosial şəbəkələrdə geniş müzakirə olunub, bəziləri isə məhkəmə zallarına qədər uzanıb.
NOCOMMENT.az son ayların ən səs-küylü qarşıdurmalarını təqdim edir.

Fərqanə Qasımova – Nigar Camal qarşıdurması
Ən çox müzakirə olunan qalmaqallardan biri Fərqanə Qasımova ilə Nigar Camal arasında yaşanıb.
Hadisə sosial şəbəkədə paylaşılan açıq səhnə geyimi ilə bağlı olub. F.Qasımova paylaşımın altına “Kəsmə yollarla önə getmək əlbəttə çox rahatdır – türk qardaşlarımız demişkən” şərhini yazıb.
Bu sözlər Nigar Camalın sərt reaksiyasına səbəb olub. Müğənni qarşı tərəfin ünvanına ittihamlar səsləndirib və muğam ifaçısının plastik əməliyyat etdirdiyini iddia edib. Qarşılıqlı ittihamlar uzun müddət gündəmdə qalıb.

Afaq Bəşirqızı – Almaz Ələsgərli mübahisəsi
Xalq artisti Afaq Bəşirqızı ilə Əməkdar artist Almaz Ələsgərli arasında yaşanan qalmaqal isə iclas zamanı baş verib.
İddialara görə, iclas iştirakçılarından birinin saqqız çeynəməsi Afaq Bəşirqızını qəzəbləndirib. O, “Bu qələti edən kimdir?” deyə ucadan səslənib. Bu zaman Almaz Ələsgərli “Qələti sən özün edirsən” cavabını verib. Hadisə sənət cameəsində ciddi rezonans doğurub.

Xoşqədəm Hidayətqızı – Aysel Əlizadə məhkəmə çəkişməsi
Aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Aysel Əlizadə arasında illərlə davam edən məhkəmə prosesi bu il yekunlaşıb.
Məhkəmənin qərarına əsasən, Aysel Əlizadə qalib gəlib və qarşı tərəfdən təzminat alıb. Bu proses şou-biznesdə hüquqi müstəviyə keçən nadir qalmaqallardan biri kimi tarixə düşüb.

Mənzər Nurəliyeva – Nura Suri ittihamları
Müğənni Mənzər Nurəliyeva ilə Nura Suri arasında yaşanan qalmaqal daha çox maliyyə iddiaları ilə yadda qalıb.
Nura Suri iddia edib ki, Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə müğənnilər illərlə pulsuz çıxış ediblər və sonradan dövlət tərəfindən bu tədbirlər üçün vəsait ayrıldığını öyrəniblər. Onun sözlərinə görə, ayrılan vəsait mənimsənilib.
Mənzər Nurəliyeva isə bu iddiaların əsassız olduğunu bildirib və deyilənlərlə razılaşmadığını açıqlayıb.

Qumral və Kəmalə Nəsibova arasında efir mübahisəsi
Qumral ilə Kəmalə Nəsibova arasında efirdə gərgin anlar yaşanıb. Canlı yayıma zəng edən xanəndə müğənniyə sərt sözlər deyib və iki sənətçi bir-biri ilə ittihamlar səsləndirib. Hadisənin videolentləri sosial mediada geniş yayılıb və müzakirələrə səbəb olub.

Mehriban Qənbərova və Firuzə Babayeva efirdə qalmaqal
“Tarixin bir günü” verilişində müğənnilər Mehriban Qənbərova və Firuzə Babayeva dava edib.
Sözləri çəp gələn ifaçılar bir-birilərinə qarşı qeyri-etik ifadələr səsləndirib. Bu zaman müğənnilərin səsi efirə verilməyib.

Vəfa Şərifova və Afət Fərmanqızı davası
Müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızını Azərbaycanda məhkəməyə verib. Vəfa Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Digər tərəfdən, Afət Fərmanqızı da həmkarını Rusiyada məhkəməyə verib. O da eyni əsasla – təhqir olunduğunu bildirərək məhkəməyə müraciət edib. Hər iki müğənni ünvanına təhqir və böhtan xarakterli ifadələr səsləndirdiyini iddia edir və bununla bağlı hüquqi müstəvidə tədbir görülməsini tələb edir.

Tolik – Səidə Sultan qalmaqalı
Son günlərin ən çox danışılan mövzularından biri isə aparıcı Tarix Əliyev (Tolik) ilə müğənni Səidə Sultan arasında yaşanan qarşıdurmadır.
Hadisə “TikTok” platformasında canlı yayım zamanı baş verib. Canlı efirdə Xalq artisti Brilliant Dadaşova da iştirak edib. Efirdə müzakirə zamanı tərəflər arasında söz atışması yaranıb və qarşılıqlı ittihamlar səsləndirilib.
Qalmaqal sosial şəbəkələrdə sürətlə yayılıb. Hüquqi aspektdən məsələ böhtan və təhqir maddələri çərçivəsində qiymətləndirilə bilər. Lakin tərəflər arasında rəsmi məhkəmə müraciəti olub-olmadığı ilə bağlı açıq məlumat verilməyib.
Azərbaycan şou-biznesində qalmaqallar yeni deyil. Lakin sosial medianın gücü bu mübahisələri daha sürətlə yayır və ictimai rezonansı artırır. Bəzi qarşıdurmalar şəxsi səviyyədə qalır, digərləri isə məhkəmə müstəvisinə keçir.
Şou-biznesdə qalmaqallar diqqət çəksə də, sənət adamlarının yaradıcılığı hər zaman əsas meyar olaraq qalmalıdır.
Nərmin
NOCOMMENT.az