EN

Hakimi 15 il həbs oluna bilər: “Həqiqətin üzə çıxacağı günü gözləyirəm”

Fransanın PSJ klubunda çıxış edən Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi barəsində aparılan istintaq yekunlaşıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Nanter prokurorluğu 2023-cü ildə irəli sürülmüş təcavüz iddiası ilə bağlı cinayət işinin məhkəməyə göndərilməsi barədə qərar verib.

İddialar 2023-cü ilin fevralında futbolçunun evində baş verdiyi bildirilən hadisə ilə əlaqədardır. Şikayətçi olan 24 yaşlı qadın sosial şəbəkə vasitəsilə Hakimi ilə tanış olduğunu, daha sonra onun evinə getdiyini və orada zorakılığa məruz qaldığını iddia edib.

Hakimi isə şəxsi sosial media hesabında paylaşdığı açıqlamada ittihamları qətiyyətlə rədd edib. O bildirib ki, səsləndirilən fikirlərin böhtan olduğunu təsdiqləyən sübutlar təqdim etməsinə baxmayaraq, işin məhkəmə mərhələsinə keçirilməsi qərara alınıb.

"Bu proses həm günahsız insanlar, həm də real qurbanlar üçün ədalətsizdir. Həqiqətin üzə çıxacağı günü gözləyirəm", - deyə futbolçu qeyd edib.

Onun hüquqi nümayəndəsi məsələ ilə bağlı mediaya açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Hakimi təqsirli bilinərsə, Fransa qanunvericiliyinə əsasən onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Məhkəmə prosesinin yaxın aylarda başlanacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
2
olaylar.az

3Sources