EN

Tramp: rüsum təhdidləri olmasaydı, ABŞ müharibələri dayandıra bilməzdi...

ABŞ Prezidenti iqtisadi təzyiqin Hindistan–Pakistan qarşıdurması və Qəzza müharibəsinin dayanmasında rol oynadığını bildirib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bəyan edib ki, tətbiq edilən və ya tətbiqi ilə hədələnən rüsumlar Vaşinqtona bir sıra beynəlxalq münaqişələri dayandırmağa imkan verib. Onun sözlərinə görə, iqtisadi təzyiq alətləri olmasaydı, Hindistan və Pakistan arasında toqquşmaların, eləcə də Qəzza sektorunda müharibənin qarşısını almaq mümkün olmazdı.

ABŞ Prezidenti bildirib ki, məhz sərt iqtisadi mövqe və xarici ölkələrə qarşı rüsum təhdidləri tərəfləri danışıqlara məcbur edib. O qeyd edib ki, ABŞ-nin müdaxiləsi daha genişmiqyaslı fəlakətlərin qarşısını alıb və mümkün qlobal böhranların dərinləşməsinə imkan verməyib.

Buna baxmayaraq, ABŞ Ali Məhkəməsinin rüsumların bir hissəsini qanunsuz hesab etməsi Trampın mövqeyini dəyişməyib. O vurğulayıb ki, administrasiyası rüsum siyasətini davam etdirəcək və bunun üçün alternativ hüquqi mexanizmlərdən istifadə olunacaq. Prezidentin sözlərinə görə, yeni mexanizm əvvəlkindən daha səmərəli olacaq və Konqresin təsdiqini tələb etməyəcək.

“Bu mexanizmlər uzun müddətdir praktikada sınaqdan keçirilib, bir qədər mürəkkəbdir, lakin ehtimal ki, daha effektlidir. Sistem zamanın sınağından çıxıb və təsdiqlənib. Əminəm ki, zaman keçdikcə xarici dövlətlərin ödədiyi tariflər əvvəlki kimi müasir gəlir vergisi sistemini əhəmiyyətli dərəcədə əvəz edəcək və mənim sevdiyim insanların üzərindən böyük maliyyə yükünü götürəcək”, deyə Tramp bildirib.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi fevralın 20-də Tramp administrasiyasının tətbiq etdiyi bəzi rüsumları qanunsuz elan edib. Buna cavab olaraq Prezident bütün ölkələrdən idxala əlavə 10 faiz rüsum tətbiq olunması barədə sərəncam imzalayıb. Daha sonra isə o, bu göstəricinin 15 faizə qədər artırılacağını açıqlayıb.

Analitiklərin fikrincə, Trampın rüsum siyasətini davam etdirmək niyyəti beynəlxalq ticarət münasibətlərində yeni gərginliklər yarada və ABŞ-nin əsas tərəfdaşları ilə iqtisadi münasibətlərinə təsir göstərə bilər.

Poliqon.info

Chosen
17
50
poliqon.info

10Sources