EN

Mobil telefonların qadağan olunduğu Norveç məktəblərində müsbət nəticələr əldə edilib

Stokholm, 24 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

Norveç Elm və Texnologiyalar Universitetinin yeni hesabatında məktəblərdə mobil telefon qadağasının tətbiqinin əhəmiyyətli müsbət nəticələr verdiyi müəyyən olunub. Bir çox məktəbdə daha sakit mühit formalaşıb, şagirdlər isə tənəffüs vaxtlarını telefonla deyil, bir-biri ilə ünsiyyətdə keçirirlər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar və səlahiyyətli şəxslər mobil cihazlardan imtinanın öz-özlüyündə təqib problemini tam həll etmədiyini vurğulayırlar. Son illərdə məktəb mühiti getdikcə daha çox rəqəmsal təzyiq və aqressiv kommunikasiya təsiri altına düşür və təhlükəsiz mühitin yaradılması istiqamətində işlər davam etdirilməlidir.

2024-cü ildə qəbul olunmuş milli tövsiyələrə əsasən, ibtidai və orta məktəb siniflərində mobil telefonların istifadəsi qadağan edilib, həmçinin şagirdlər üçün “mobilsiz” tənəffüslər nəzərdə tutulub.

Norveçin təhsil naziri Kari Nessa Nordtun bu qərarı məktəblilərin təhlükəsizliyini və psixoloji rahatlığını təmin etmək baxımından vacib addım kimi qiymətləndirib.

Hakimiyyət orqanları valideynlərin rolunu da xüsusi vurğulayırlar. Onların fikrincə, təqib və rəqəmsal münaqişələrin qarşısının alınması ailə ilə məktəb arasında sıx əməkdaşlıq olmadan mümkün deyil.

“Təqib və rəqəmsal zorakılıqla mübarizədə valideynlər fəal iştirak etməlidirlər. Uşaqların rəqəmsal həyatını tam şəkildə məktəbin öhdəsinə buraxmaq olmaz. Xoşbəxtlikdən, artıq müsbət dəyişiklik müşahidə olunur — valideynlər bir araya gələrək ortaq qaydalar müəyyən edirlər. Buna görə də onların bir-birini tanıması, məlumat mübadiləsi aparması və inklüziv, müsbət məktəb icması yaratmaq üçün əməkdaşlıq etməsi vacibdir”, — deyə Təhsil Nazirliyində bildirilib.

Chosen
15
2
azertag.az

3Sources