EN

“Cəlil İşığı” adlı mono tamaşasının premyerası baş tutdu – FOTOLAR

21 fevral tarixində Xəzər Universiteti Dünya İB Məktəbində Beynəlxalq Ana Dili Günü münasibətilə “Cəlil İşığı” adlı mono tamaşasının premyerası baş tutub.
AZXEBER.COM xəbər verir ki, tamaşa görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunub. Səhnə əsərində yazıçının doğma dil uğrunda apardığı mübarizə, xalqın maariflənməsi naminə gördüyü işlər və dövrün ictimai-siyasi reallıqları bədii formada tamaşaçılara təqdim edilib. Tamaşada Cəlil Məmmədquluzadənin yaxın silahdaşı Ömər Faiq Nemanzadə ilə birlikdə məşhur “Molla Nəsrəddin” jurnalını nəşr etməsi, cəmiyyətin ayılması və maariflənməsi istiqamətində apardıqları fəaliyyət xüsusi vurğulanıb.
Səhnə həllində yazıçının təqiblərə məruz qalması, jurnal redaktorluğundan uzaqlaşdırılması və əsərlərini sobada yandırmaq məcburiyyətində qalması dramatik kulminasiya nöqtəsi kimi təqdim olunub. Yandırılan vərəqlərdən doğan obrazların səhnədə canlanması tamaşaya simvolik və emosional dərinlik qatıb. Qeyd edək ki, tamaşanı təqdim edən teatr truppası məktəbin müəllim və şagirdlərindən ibarətdir. Tamaşanın ssenari müəllifi Fidan Məmmədova, rejissoru Murad Allahverdi,təşkilatçısı isə Şükufə İsmayılovadır.
Gecənin davamında ana dilimizin ətri duyulan poeziya dəqiqələri yaşanıb. Səməd Vurğun, Nəriman Həsənzadə Mikayıl Müşfiq, Musa Yaqub, Ramiz Rövşən və Hamlet İsaxanlının şeirləri müəllim və şagirdlər tərəfindən ifa olunub. Bu hissədə Güney Azərbaycandakı soydaşlarımızın ana dilinə olan sonsuz sevgisi  xüsusi bir həssaslıqla vurğulanıb. Tədbirdə Hamlet İsaxanlı, Qurban Qurbanov, Kamal Yaşar, Xəzər Süleymanlı, Qulu Ağasəs və Qəmər Seyfəddinqızı kimi dəyərli qonaqlar iştirak ediblər.

 

 

 

 

 

 

 

 

Chosen
7
3
editor.az

4Sources