EN

Kubada Xocalı soyqırımı qurbanları anılıb

Azərbaycanın Kubadakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC-ın məlumatlna görə, səfir Ruslan Rzayev anım tədbirində çıxış edərək müstəqilliyinin ilk dövrlərində Azərbaycanın tarixin çətin və ağrılı sınaqlarından keçdiyi, həmin zamanlarda böyük faciələrlə üzləşdiyi, Ermənistan tərəfindən ölkəmizə qarşı etnik təmizləmə siyasəti yürüdüldüyü barədə danışıb. Bildirib ki, məhz həmin dövrdə, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda misli görülməmiş soyqırımı törədiblər.

Havanada akkreditasiya olunan diplomatik korpusun və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə səfir, dinc və mülki əhaliyə qarşı həyata keçirilən bu soyqırımı siyasətinin yalnız Xocalı ilə məhdudlaşmadığını söyləyib, Ermənistan tərəfindən Azərbaycanın digər kənd və rayonlarında da kütləvi qırğın və dağıntıların törədildiyini vurğulayıb. O, mülki azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində Qarabağın bütün əhalisinin fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıb.

Səfir R.Rzayev 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini söyləyib, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” proqramından danışıb. Diplomat həmçinin, Vətən müharibəsindən sonrakı dövrdə Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, ölkəmizin sülh gündəliyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr edilən videomaterial nümayiş olunub.

2Sources